Brayan Huk: “İranı illik 50 milyard dollar neft gəlirindən məhrum etmişik”

Brayan Huk: “İranı illik 50 milyard dollar neft gəlirindən məhrum etmişik”

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran üzrə İşçi Qrupunun rəhbəri Brayan Huk bildirib ki, dünyada terrorizmin ən böyük himayədarı (İran-red.) olan ölkəyə nüvə silahı əldə etməyə imkan vermək olmaz.

 

Diplomat əlavə edib ki, prezident Trampın maksimum təzyiq siyasəti nəticəsində rəsmi Vaşinqton Tehranı illik 50 milyard dollarlıq neft gəlirlərindən məhrum edib.

 

O, İranın yürütdüyü təxribatçı siyasətin, nüvə və raket proqramının özünün əleyhinə işlədiyini, ölkənin dünyadan daha da təcrid olunmasına xidmət etdiyini deyib.

 

Amerika ilə İran arasında müzakirələrin başlama ehtimalından da danışan diplomat bunun yalnız Pompeonun irəli sürdüyü 12 şərt əsasında həyata keçirilə biləcəyini, bu istiqamətdə tərəflər arasında heç bir məxfi kanalın mövcud olmadığını vurğulayıb.

 

Huk sonda sanksiyalar nəticəsində İranın hərbi büdcəsinin də azı 29% azaldığını əlavə edib.

 

Digər tərəfdən, Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvәlәrinin Baş Qərargah rəisi Cozef Dunford iyulun 9-u ölkəsinin Hörmüz və Babül-Məndəb boğazlarında gəmiçiliyin İran və ona bağlı terror təşkilatlarından mühafizə edilməsi üçün beynəlxalq hərbi koalisiya yaradacağını bəyan edib. O, hazırda bu istiqamətdə müxtəlif ölkələrlə müzakirələrin aparıldığını bildirib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN