Əli Laricani: “Neft sata bilməsək, şərtlər dəyişəcək”

Əli Laricani: “Neft sata bilməsək, şərtlər dəyişəcək”

GünAz TV: İran Milli Məclisinin spikeri Əli Laricani bildirib ki, avropalılar qarşıdakı 1 ayda əməli addımlar atmasalar, “şərtlər dəyişəcək”.

 

O, ölkəsinin şərtləri hansı formada dəyişəcəyi barədə detalları açıqlamasa da, qeyd edib ki, Avropa ölkələri “İnstex” adlanan xüsusi maliyyə kanalının əməli olaraq işə düşməsi üçün İrandan neft almalıdırlar.

 

Qeyd etmək lazımdır ki, İranın Ali Milli Təhlükəsizlik Şurası mayın 8-də bəyanat yayaraq, Avropanın nüvə razılaşması çərçivəsində 60 gün ərzində başlıca olaraq bank və neft sektorlarıyla əlaqəli üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyi təqdirdə, rəsmi Tehranın zənginləşdirilmiş uran və ağır su depolanması ilə bağlı qəbul etdiyi məhdudiyyətləri ləğv edəcəyini bildirmişdi.  

 

Bəyanatda vurğulanırdı ki, Avropa 60 gün ərzində bu öhdəlikləri yerinə yetirməsə, İran zənginləşdirilmiş uranın miqdarı və Ərak ağır su reaktorunun modernləşdirilməsi ilə bağlı qəbul etdiyi məhdudiyyətlərə xitam verəcək.

 

Spikerin bu sözləri göstərir ki, rəsmi Tehran 60 gündən geridə qalmış 26 gün ərzində Avropadan neft alışı ilə bağlı zəmanət almağa çalışır.

 

Xatırladaq ki, neft ixracatından əldə edilən vəsait İranın əsas dövlət gəlirini təşkil edir. Belə ki, ölkə iqtisadiyyatının 70%-dən çoxu neft gəlirlərindən asılıdır. ABŞ-ın 2018-ci ilin noyabr ayının 5-də İranın neft və qaz sektoruna tətbiq etdiyi sanksiyalardan sonra ölkə iqtisadiyyatı iflic vəziyyətə düşüb, milli pul vahidi- riyal öz dəyərinin təqribən 70%-ni itirib və inflyasiya həddi kəskin yüksəlib. Müxtəlif mənbələrin məlumatlarına görə, İran sanksiyalardan öncə günlük 2 milyon bareldən çox neft ixrac edirdisə, hazırda bu rəqəm 250- 500 min barel arasında dəyişir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN