Əli Mütəhhəridən İbrahim Rəisiyə: “Bəzi müstəntiq və hakimlər ağır hökmlərlə insanları qorxudacaqlarını xəyal edirlər”

Əli Mütəhhəridən İbrahim Rəisiyə: “Bəzi müstəntiq və hakimlər ağır hökmlərlə insanları qorxudacaqlarını xəyal edirlər”

GünAz TV: İran Milli Məclisinin deputatı Əli Mütəhhəri məhkəmə sisteminin rəhbəri İbrahim Rəisiyə açıq məktub ünvanlayıb.

 

O, futbol fanatı olan qızın özünü yandıraraq öldürməsi və siyasi məhbus Səttar Behiştinin polislər tərəfindən işgəncə ilə öldürülməsinə toxunaraq, İbrahim Rəisiyə “ağılları elmlərini üstələyən müstəntiq və hakimləri işə götürməyi” tövsiyə edib.

 

O, İbrahim Rəisiyə xitabən qeyd edib ki, bir çox hallarda saxlanılanların törətdikləri əməllərin cəmiyyətə vurduğu ziyanın həddi və bu əməllərdə cinayət tərkibinin olub-olmamasına diqqət edilmədən, onlar ağır cəzalandırılır. O, Səttar Behiştinin polis bölməsinin təcridxanasında işgəncələr nəticəsində ölməsinin bunun bariz nümunəsi olduğunu bildirib.

 

Xatırladaq ki, fəhlə kimi çalışan və bloqqerlik fəaliyyətləri ilə də məşğul olan Səttar Behişti 2012-ci il oktyabrın 30-da “sosial şəbəkələrdə, xüsusən Facebookda milli təhlükəsizlik əleyhinə fəaliyyət” ittihamı ilə həbs edilmişdi. O, İranın kiber cinayətkarlıqla mübarizə polisi tərəfindən naməlum məkanda işgəncələrə məruz qaldıqdan 3 gün sonra, ifadə verən zaman ölmüşdü. Yaxınları bildirirlər ki, onun cəsədi üzərində ağır işgəncə izləri olub. Üstündən bir neçə il keçməsinə baxmayaraq, hələ də Behiştini işgəncə ilə öldürən polislər cəzalandırılmayıb.

 

Mütəhhəri özünü yandıraraq ölən futbol fanatı Səhər Xudayariyə də toxunub və bildirib ki, əgər onun stadiona girmək istəyi qeyri-qanuni olsaydı belə, hüquq mühafizə orqanları ona nəsihət verməklə, məsələni həll edə bilərdilər. Məhkəmənin təşkil edilməsi və gənc qıza qarşı nəsihətlə həll edilə bilən məsələyə görə həbs cəzasının nəzərdə tutulması bu acı faciəyə yol açıb.

 

“Bəzi müstəntiq və hakimlər ağır cəzalarla insanları qorxutmağa və bununla da siyasi sistemi qoruyub saxlamağa nail olacaqlarını xəyal edirlər. Lakin onlar bilməlidirlər ki, sistemi qorumaq üçün hər bir vasitəyə və yola əl atmaq olmaz”- deyə Mütəhhəri son siyasi təzyiqlərin səbəbini açıqlayarkən əlavə edib.

 

Deputat sonda bir daha bütün bu hallara görə, ağıllı müstəntiq və hakimləri işə götürməyi İbrahim Rəisiyə tövsiyə edib.

 

Qeyd etmək lazımdır ki, Əli Mütəhhəri ara-sıra ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrə münasibət bildirib. O, bir neçə gün öncə yazdığı qeyddə İranın Qarabağ müharibəsi zamanı etnik məsələlər, yəni Güney Azərbaycan məsələsinə görə, Azərbaycan haqlı olsa da, tamamilə Ermənistanın tərəfini tutduğunu etiraf etmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN