“Ənsar Hizbullah”ın rəhbəri: “İranla Cənubi Koreyanın futbol komandalarının görüşü olaysız ötüşməyəcək”

“Ənsar Hizbullah”ın rəhbəri: “İranla Cənubi Koreyanın futbol komandalarının görüşü olaysız ötüşməyəcək”

GünAzTV: İranda hakimiyyətin radikal qollarına bağlı “Ənsar Hizbullah” qruplaşmasının rəhbəri Əbdülhəmid Möhtəşəm, oktyabrın 9-da jurnalistlərə açıqlamasında “Tasua” günü Tehranın “Azadlıq” stadionunda İranla Cənubi Koreyanın futbol komandaları arasında keçiriləcək yarışdan danışıb.

 

Əbdülhəmid Möhtəşəm bildirib ki, onun proqnozuna görə “Aşura” günündən bir gün əvvələ təsadüf edən bu görüş problemsiz keçməyəcək: “Son günlər bu yarışın keçirilməsinə etiraz bildirən “hizbullah”çılar və bir sıra mömin şəxsiyyətlər küçədə yürüş keçiriblər. Ayətullah Yəzdi isə bu yarışın keçirilməsinə qarşı çıxıb, bu qərarı pisləyib. Hesab edirik ki, əgər ölkənin idman rəsmiləri arasında iynənin ucu qədər dini təəssübkeşlik və qeyrət olsaydı, bu yarışın keçirilməsinə imkan verməzdilər. Lakin əgər müsabiqə keçirilərsə, bizim proqnozumuza görə İranla Cənubi Koreyanın futbol komandalarının bu görüşü olaysız ötüşməyəcək”.

 

2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə mərhələsində, oktyabrın 11-də Tehranın 100 min nəfərlik “Azadlıq” stadionunda İranla Cənubi Koreyanın milli futbol komandaları arasında keçiriləcək yarış, “Aşura” günündən bir gün əvvələ təsadüf etdiyinə görə bir sıra radikal ruhanilərin nigaranlığına səbəb olub. Ruhanilər, ölkə komandası rəqib komandaya qol vurduğu və ya ona qalib gəldiyi təqdirdə, iranlı azarkeşlərin bayram edəcəyindən nigaran qaldıqlarını bildiriblər. Onlar, yarışın ləğv edilməsini və ya başqa bir vaxta keçirilməsini tələb etsələr də, “FİFA” İranın bu tələbini rədd edib.

 

Oktyabrın 7-də Tehranın cümə namazına rəhbərlik edən axund Məhəmmədəli Müvəhhidi Kirmani, namaz xütbəsindəki çıxışınd bu görüşün keçirilməsinə qarşı çıxdığını bildirib: “O deyib ki, əgər bu yarışı ləğv etmək mümkün deyilsə və müsabiqə mütləq keçiriləcəksə, o zaman İmam Hüseynə hörmət əlaməti olaraq “Azadlıq” stadionunun hər yeri qaraya bürünməli, darvazalar və divarlar qara parça və bayraqlarla örtürülməli, İran komandası rəqib komandaya qol vurduğu və ya ona qalib gəldiyi təqdirdə azarkeşlər sevinmək, ayağa qalxıb əl çalmaq və və bayram etmək əvəzinə  “Ya Hüseyn” şüarını səsləndirməlidirlər.

 

A.M

Açar Sözlər

Dünya və İran

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN