Fransa İranı sanksiyalarla təhdid edib

Fransa İranı sanksiyalarla təhdid edib

GünAz TV: Fransa İranı nüvə öhdəliklərini əvvəlki qaydada icra etməyəcəyi təqdirdə, yenidən sanksiyalar qəbul etməklə təhdid edib.

 

Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian məsələ ilə əlaqəli bildirib ki, İran tərəfi hər 2 aydan bir öhdəliklərini azaltdığından, ölkəsi hazırda nüvə razılaşmasında nəzərdə tutulmuş ziddiyyətlərin həll edilməsi mexanizminin tətbiqi barədə düşünür.

 

“Biz İran rəsmilərinin tədrici surətdə Hərtərəfli Birgə Fəaliyyət Proqramından çıxmağa hədəflənmiş addımlarının təkrarlanmasını nəzərə almaqla, bu yanaşma üzərində iş aparırırq”, - deyə Fransa XİN-in rəhbəri əlavə edib.

 

Qeyd etmək lazımdır ki, Jan-İv Le Drianın işarə etdiyi mexanizm nüvə öhdəliklərini pozduğu təqdirdə, rəsmi Tehrana qarşı yenidən Birləşmiş Millətlər Təşkilatının embarqolarının tətbiq edilməsini nəzərdə tutur. İran bu günə qədər nüvə öhdəliklərini azaltmaq istiqamətində 4 dəfə addım ataraq, uranın zənginləşdirilmə dərəcəsi və depolanma həddi, mütərəqqi sentrifuqalardan istifadə və digər sahələrdə qəbul etdiyi məhdudiyyətlərə artıq əməl etməyəcəyini bəyan edib.

 

Jan-İv Le Drian həmçinin Fransa prezidenti Emmanuel Makronun sözügedən razılaşmanın tam aradan qalxmaması üçün göstərdiyi təlaşların müəyyən səbəblərə görə bir nəticəsi olmadığını vurğulayıb.

 

O, bu səbəblərdən bəzilərinin İranda saxta ittihamlarla məhkumluq həyatı yaşayan Fransa və digər Qərb ölkələri vətəndaşları, Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı baş tutmuş hücum da daxil olmaqla, İranın son dövrlər regionda bir neçə provokativ hücumlar həyata keçirməsi və digər bu kimi məsələlər olduğunu qeyd edib.

 

Xatırladaq ki, iki fransalı alim- Fəriba Adilxah və Roland Marşal İran rejimi tərəfindən cari ilin iyun ayında saxta ittihamlarla həbs edilib.

 

Jan-İv Le Drian Amerikanın rəsmi Tehrana qarşı tətbiq etdiyi maksimum təzyiq siyasətinə də münasibət bildirib. O qeyd edib ki, “dini lider” Əli Xamneyi və prezident Həsən Ruhaninin etirazçı xalqa qarşı davranışlarına nəzər yetirdikdə, maksimum təzyiq siyasətinin düzgün olduğu qənaətinə gəlmək olar.

 

Fransa xarici siyasət idarəsinin rəhbəri sonda bütün təlaşların nəticəsiz qaldığını əsas gətirərək, nüvə razılaşmasının öz qüvvəsini itirmə ehtimalının mövcud olduğunu deyib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN