İran daxilindən həqiqətlər: “Bahalaşma və kasıblıq fonunda artan intiharlar”

İran daxilindən həqiqətlər: “Bahalaşma və kasıblıq fonunda artan intiharlar”

GünAz TV: Demək olar ki, hər ötən gün İranda zəruri ərzaqların qiymətləri daha da bahalaşır, lakin insanların gəlirləri azalır.

 

İran Sənaye, Mədən və Ticarət Nazirliyinin yaydığı son hesabatda avqust ayı ərzində əsas qida məhsullarının qiymətlərinin kəskin artdığı qeyd edilir.

 

Statistikaya əsasən, qeyd edilən zaman dilimində ötən ilin oxşar dövrü ilə müqayisədə kartofun qiymətində 272.6% artım müşahidə edilib.

 

Bundan başqa, keçən ilə nisbətdə arpa 106%, xurma 202% və soğan 64.2% bahalaşıb. Prayd avtomobillərinin şinləridə isə 108.6% qiymət artımı qeydə alınıb.

 

Ümumiyyətlə, cari ilin avqust ayı ərzində 54 ərzaq məhsulu və mühüm hesab edilən əmtəələrdən 21-nin qiymətində 50%-dən çox bahalaşma olub.

 

Digər tərəfdən, son günlər ərzində İranda çörək və lavaşın qiymətinin yüksək dərəcədə artması da əhalinin vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərib.

 

Əvvəllər “Səngək” və “Bərbəri” çörəklərini almaq üçün insanlar uzun növbələrə dayanardılar. Hazırda isə onların 2000 tümənə qədər bahalaşması səbəbindən insanların böyük əksəriyyəti aylıq xərcləri nəzərə alaraq, daha bu çörəkləri almaq iqtidarında deyil.

 

Tehranın ətraf bölgələrində fəaliyyət göstərən çörək sexləri bildirirlər ki, qiymətlərin artmasından keçən 1 həftə ərzində kasıb əhalinin bu növ çörəkləri ala bilməməsi müşahidə olunur.

 

Xatırladaq ki, ötən həftədən etibarən İranda lavaşın qiyməti 300 min, “Səngək” və “Bərbəri” çörəklərinin qiymətləri isə 2 min tümənə qədər qalxıb.

 

Bütün bu bahalaşmalar fonunda İranda ötən il intiharların sayı da yüksək həddə olub. Belə ki, ötən il ölkədə 99270 nəfər, yəni hər 100 min nəfərdən biri intihar cəhd edib. Onlardan 20%-i isə 18 yaşdan kiçik uşaqlar olub.

 

Bu barədə Səhiyyə Nazirliyinin yaydığı rəsmi statistikaya əsasən, intihara cəhd edənlərdən 5101 nəfəri ölüb.

 

Nazirlik bildirir ki, intiharlara yol açan əsas səbəblər gələcəyə ümidsizlik, sosial və ailə-məişət problemləridir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN