İranda Telegrama tətbiq edilən məhdudiyyətin ləğv ediləcəyilə bağlı xəbər təkzib edilib

İranda Telegrama tətbiq edilən məhdudiyyətin ləğv ediləcəyilə bağlı xəbər təkzib edilib

GünAz TV: İranda Telegram proqramına tətbiq edilən məhdudiyyətin yaxın zamanda aradan qaldırılacağıyla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

 

Lakin bu gün İran Milli Kiberməkan Mərkəzi bəyanat yayaraq, sözügedən xəbərləri təkzib edib.

 

Bəyanatda qeyd edilir ki, mərkəzə məhkəmə sisteminin rəhbərindən bu xüsusda heç bir sorğu daxil olmadığına görə, yayılan məlumatların heç bir əsası yoxdur.

 

Mərkəz həmçinin bu xəbərləri “ictimai rəyi yayındırmaq” kimi qəbul edib.

 

Qeyd etmək lazımdır ki, sosial şəbəkə istifadəçiləri arasında yayılan xəbərlərdə Ali Kiberməkan Şurasının rəhbəri Əbülhəsən Firuzabadiyə istinadən Telegrama tətbiq edilmiş blokun aradan qaldırılacağı deyilirdi.

 

Əbülhəsən Firuzabadi özü də yayılmış xəbərləri “yanlış” və “qurama” adlandırıb və bu mövzuda heç bir media orqanına müsahibə vermədiyini bildirib.

 

Xatırladaq ki, İranda Telegram 2018-ci ilin aprel ayında Tehran Mədəniyyət və Media Prokurorluğunun 2-ci şöbəsinin müstəntiqi Bijən Qasımzadənin fərmanıyla bloklanmışdı. Ölkədə təqribən 40 milyondan çox insanın istifadə etdiyi Telegram messencerin məhdudlaşdırılmasına İranda 2017-ci ilin sonları 2018-ci ilin əvvəllərində keçirilmiş xalq etirazlarından sonra başlanmışdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN