İranın 4.5% həddində zənginləşdirdiyi uran ehtiyatının həcmi 25 kiloqramı keçib

İranın 4.5% həddində zənginləşdirdiyi uran ehtiyatının həcmi 25 kiloqramı keçib

GünAz TV: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi son yaydığı hesabatda İranın 4.5%-ə qədər zənginləşdirdiyi uran ehtiyatının 25.1 kiloqrama çatdığını bildirib.

 

Avqustun 19-na qədər olan göstəriciləri ehtiva edən hesabata əsasən, İranın 3.67%-ə qədər zənginləşdirdiyi uranın miqdarı 241.6 kq olub. Eləcə də, bu zaman ərzində İranın Agentliyə verdiyi hesabatlarda bu ölkənin 130 metrik ton çivarında ağır su ehtiyatına sahib olduğu qeyd edilir.

 

Digər tərəfdən, İran Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi sentyabrın 3-də ölkəsinin nüvə proqramı çərçivəsində son atdığı addımlardan danışıb. O, İranın adlarını çəkmədiyi ölkələrə 10 ton zənginləşdirilmiş nüvə maddəsini ixrac edərək, qarşılığında 400 ton sarı tort aldığını deyib.

 

Kamalvəndi həmçinin “İranın 2-3 gün ərzində 20% həddində zənginləşdirilmiş uran istehsal etməyə qadir olduğunu” iddia edib.

 

Xatırladaq ki, rəsmi Tehran nüvə razılaşmasında nəzərdə tutulmuş qanuni həddə çatmaq üçün 2015-ci ilin dekabr ayının sonlarında 11.340 kq zənginləşdirilmiş uranı Rusiyaya satıb, əvəzində 140 ton xam uran əldə etmişdi.

 

İran cari ilin may ayının 8-dən, yəni Amerikanın nüvə razılaşmasından çıxmasının 1-ci il dönümündən etibarən Avropa ölkələrinə iki dəfə 60 günlük vaxt verərək, onları İranın razılaşmada nəzərdə tutulmuş öhdəliklərini azaldacağıyla bağlı təhdid edib. Bu müddətlər başa çatdıqdan sonra İran zənginləşdirilmiş uran depolanması və zənginləşdirmə faizi ilə bağlı qəbul etdiyi məhdudiyyətləri ləğv edib.

 

Amerika Birləşmiş Ştatları bu addımlara verdiyi reaksiyada İranın ilk günlərdən nüvə razılaşmasını pozduğunu bildirib.

Ə.A

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN