İranın Albaniyadakı terrorçu “diplomat”ları ailə üzvləri ilə birlikdə ölkədən qovulublar

İranın Albaniyadakı terrorçu “diplomat”ları ailə üzvləri ilə birlikdə ölkədən qovulublar

GünazTV: Bir həftə əvvəl Albaniya hökuməti tərəfindən diplomatik missiyalarına zidd davranmaqda, casusluqda və terror fəaliyyətlərində günahlandırılan İranın terrorçu “diplomat”ları Əhməd Hüseyni Ələst və Məhəmmədəli Ərzpeyma Neməti ölkədən qovulub.

 

Bu barədə Albaniyanın “Top Channel” telekanalı ölkə rəsmilərinə istinadən yanvarın 19-da məlumat yayıb.

 

Məlumatda bildirilir ki, İran hökumətinin “diplomat” adı altında Tiranaya göndərdiyi şəxslər Albaniya hökuməti tərəfindən terrorizmə rəvac verməkdə və casusluqda günahlandırılaraq ölkədən qovulublar: “Albaniyanın anti-terror polisinin 20 zabiti yanvarın 18-də İran “diplomat”larının qaldığı mənzilə gedərək, onları ailə üzvləri ilə birlikdə ölkəni tərk etmələri üçün Tirananın beynəlxalq hava limanına aparıb yola salıblar” –deyə, Albaniyanın “Top Channel” telekanalının yaydığı məlumatda bildirilir.

 

Xatırladaq ki, ötən həftə Albaniya hökuməti İranın terrorçu fəaliyyətlərlə məşğul olan iki “diplomat”ını arzuolunmaz şəxslər adlandıraraq ölkədən qovmuşdu. İran “diplomat”larına ölkəni tərk etmək üçün bir neçə gün vaxt verilmişdi. Bu barədə, Albaniyanın xarici işlər naziri Gent Sakay (Gent Cakaj) yanvarın 15-də Facebook səhifəsində məlumat yaymışdı.

 

Albaniyanın xarici işlər naziri Gent Sakay (Gent Cakaj)

 

O demişdi ki, İran “diplomat”ları Əhməd Hüseyni Ələst və Məhəmmədəli Ərzpeyma Neməti, Vyena Konvensiyasının şərtlərini pozaraq Avropada və Orta Şərqdə terrorizmə dəstəklə bağlı fəaliyyətlərdə olublar: “İran diplomatları Albaniyanın milli təhlükəsizliyini təhlükəyə saldıqları üçün arzuolunmaz şəxslər adlandırılaraq ölkədən qovulublar. Bu iki şəxs öz diplomatik missiyalarına zidd fəaliyyətlərlə məşğul olublar” –deyə, xarici işlər naziri Gent Sakay Facebook-da yaydığı bəyanatında əlavə etmişdi.

 

 

Qeyd edək ki, son illər xarici ölkələrdə molla rejiminə qarşı mübarizə aparan yüzlərlə İran vətəndaşı, ETTELAAT-ın və “Sepah”ın “Qüds” briqadasının göndərdiyi mülki geyimli əməkdaşlarının həyata keçirdiyi terror aktları nəticəsində qətlə yetirilib. 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN