İranın baş prokurorunun müavini: "İşçi fəallar pul alıb, ölkədə qarışıqlıq yaradırlar"

İranın baş prokurorunun müavini:

GünAz TV: İran məhkəmə sisteminin rəhbəri İbrahim Rəisidən sonra bu dəfə baş prokurorun müavini Səid Ümrani işçi fəalları "pul alıb, ölkədə qarışıqlıq yaratmaqda" ittiham edib.

 

İbrahim Rəisi bir neçə gün öncə iddia etmişdi ki, "bəzi şəxslər işçi etirazları adı altında digər məqsədləri həyata keçirməyə çalışırlar".

 

Bu dəfə isə Səid Ümrani Beynəlxalq Əmək günü yürüşündə həbs edilənlərlə əlaqədar bildirib ki, "onlar ölkədə qarışıqlıq yaratmaq üçün xaricdən pul alıblar".

 

O, irəli sürdüyü ittihamlarla bağlı heç bir sənəd və ya maddi sübut irəli sürməyib. Müavin həmçinin "insanların və rəsmilərin baş prokuror və məhkəmə sisteminin öz işlərində çəkdikləri zəhmətləri yüksək dəyərləndirdiklərini" iddia edib.

 

Qeyd etmək lazımdır ki, İran konstitusiyasında fəhlələr üçün etiraz aksiyası keçirmək haqqı tanınmır. Son 20 ildə yüzlərlə fəhlə ağır iş və məişət şəraiti, əmək haqlarının verilməməsi, iş yerində haqsızlıq və bir çox bu kimi səbəblərdən keçirdikləri etiraz aksiyaları zamanı həbs edilib.

 

Cari ildə, Əmək günündə keçirilmiş yürüş zamanı da onlarla işçi və mədəni fəal saxlanmışdı. Onların çoxuna saxta və siyasi ittihamlarla uzunmüddətli həbs cəzaları çıxarılıb.

 

İran məhkəmə sistemi bundan öncə də dəfələrlə aksiya keçirən fəhlələr, "Həft Təpə" şəkər qamışı zavodunun işçiləri və yük maşını sürücülərini ağır cəzalarla təhdid ediblər.

 

Digər tərəfdən, İran rəsmiləri ölkədə mövcud ədalətsizlik və ağır iqtisadi şəraitə qarşı etiraz edən şəxsləri hər zaman "xarici amil"lə bağlayırlar.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN