Mahmud Sadiqi: "Ruhani koronavirusla bağlı məkrli plan xülyalarına qapılıb"

Mahmud Sadiqi:

GünAz TV: İran Milli Məclisinin deputatı Mahmud Sadiqi prezident Həsən Ruhani "Amerikanın məkrli plan" həyata keçirməsi təxəyyülünə qapılmaqda ittiham edib.

 

O bildirib ki, bu səbəbdən prezident dövlət idarələrində tətil müddətinin uzadılması və koronavirusun daha da yayılmasının qarşısının alınmasına maneə olur.

 

"Tehranın Koronavirusla Mübarizə üzrə Milli Qərargahı dövlət idarələrində tətil müddətinin uzadılmasını istəyir. Prezident düşmənin iqtisadiyyata zərər vurmaq üçün məkrli plan həyata keçirdiyinə dair təxəyyülə qapılmaqla, tətil müddətinin uzadılmasına razılıq vermir", - deyə deputat "Twitter"də yazıb.

 

Bu istiqamətdə digər millət vəkili Ədbülkərim Hüseynzadə spiker Əli Laricaniyə məktub ünvanlayaraq, dövlətin koronavirusun qarşısını almaq üçün ölkənin bütün bölgələrində tətil və karantin etmək istəmədiyini əsas gətirib, Parlamentin məsələyə qarışmasını tələb edib. O, pandemiyanın qarşısını almaq üçün Milli Məclisi ölkənin bütün bölgələrində 30 gün müddətində karantin elan etməyə, lazım gəldiyi təqdirdə, bu müddət bitəndən sonra həmin müddəti 1 ay uzatmağa çağırıb.

 

Xatırladaq ki, Həsən Ruhani martın 21-də keçirilən Hökumət Kabinetinin iclasında ölkədə koronavirusun yayılmasını "düşmənin inqilab əleyhinə məkrli planları" ilə əlaqələndirmişdi.

 

"İnqilab əleyhinə məkrli plan koronavirusun İranda yayıldığı müddət ərzində bütün işlər və iqtisadi fəaliyyətin dayanmasından ibarətdir. Bu planla mübarizə istiqamətində istehsalat adi qaydada işləməyə davam etməlidir", - deyə Ruhani əlavə etmişdi.

 

O, bu iddialarına dair heç bir dəlil irəli sürməmiş və detalları açıqlamamışdı.

 

İran prezidenti koronavirusun ölkəni cənginə aldığı ilk günlərdən şəhərlərin karantinə alınması, səfərlərin qadağan edilməsi, müxtəlif təhsil və iş müəssisələrində tətillərin elan edilməsi kimi qabaqlayıcı tədbirlərə qarşı çıxır. Hansı ki, koronavirusun yayıldığı bütün ölkələr vətəndaşlarını qorumaq üçün bu cür proflaktik tədbirlər görürlər.

 

Bununla belə, Ruhani bu gün iştirak etdiyi Koronavirusla Mübarizə üzrə Milli Qərargahın iclasında ölkədə iş yerlərinə tətbiq edilmiş tətillərin, eləcə də kütləvi toplaşma ilə bağlı məhdudiyyətlərin daha 10 gün müddətinə uzadıldığını bəyan edib. O, Novruz tətili günlərində digər bölgələrə səfərə gedən şəxslərin öz yaşadıqları şəhərlərə qayıdan zaman yolda yoxlamalardan keçirilməyəcəyini bildirib. Ruhaninin sözlərinə görə, bu, yollarda böyük tıxaclara səbəb olacağından, səfərə getmiş şəxslərlə evlərinə döndükdən sonra telefon əlaqəsi yaradılacaq və onlardan vəziyyətləri ilə bağlı suallar soruşulacaq.

 

Novruz bayramı münasibətilə paytaxt Tehran başda olmaqla, bir çox şəhərlərin əhalisi digər bölgələrə səfərlər ediblər. Koronavirusla Mübarizə üzrə Milli Qərargahın rəsmiləri bunun virusun daha da çox yayılmasına bais olacağını bildirirlər.

 

Ə.A

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN