Ruhani: “Əgər İran nüvə sazişinin imtiyazlarından istifadə edə bilməsə, bizim bu razılaşmada qalmağımız mümkün olmayacaq”

Ruhani: “Əgər İran nüvə sazişinin imtiyazlarından istifadə edə bilməsə, bizim bu razılaşmada qalmağımız mümkün olmayacaq”

 GünAzTV: İran prezidenti Həsən Ruhani iyunun 12-də Fransa prezidenti Emmanuel Makronla telefon əlaqəsi saxlayaraq, nüvə sazişindən və ölkəsinin bu razılaşmadan çıxmaq ehtimalından danışıb.

 

Telefon danışığında, İranın nüvə sazişinin şərtlərinə tam əməl etdiyini vurğulayan Ruhani deyib ki, Avropa ölkələri bu razılaşmanın qorunub saxlanılmasını istəyirlərsə, əməli addımlar atmalıdırlar: “Əgər İran nüvə sazişinin (“Bərcam”ın) imtiyazlarından istifadə edə bilməsə və bütün bunlardan məhrum edilsə, bizim faktiki olaraq bu razılaşmada qalmağımız mümkün olmayacaq”.

 

Qərblə aparılan müzakirələrdə, İranın raket proqramının və onun regional fəaliyyətinin gündəmə gətirilməməsi, Avropa banklarının İranla ticarət əlaqələrini davam etdirməsi, eləcə də İran neftinin satışına qadağa qoyulmaması, rəsmi Tehranın nüvə sazişində qalması üçün əsas şərtlərindən biridir.

 

Qeyd edək ki, İran xarici işlər nazirinin müavini Abbas Əraqçi bundan əvvəl jurnalistlərə açıqlamasında nüvə razılaşmada İran mənafeyinin qorunmasına zəmanət vermələri üçün nüvə sazişində qalan 3 Avropa ölkəsinə, yəni Böyük Britaniya, Fransa və Almaniyaya 60 gün vaxt verdiklərini açıqlamışdı.

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

Amerikanın həmin sazişdən çıxmasının ardınca, Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirilib. Nəticədə, son həftələr dünyanın onlarla beynəlxalq şirkəti İranla ticarət əlaqələrini kəsib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN