“Sepah” qayıqlarının Britaniyanın neft tankerini saxlamağa cəhdi uğursuz alınıb

“Sepah” qayıqlarının Britaniyanın neft tankerini saxlamağa cəhdi uğursuz alınıb

GünazTV: “Sepah”ın 5 sürət qayığının Böyük Britaniyanın neft daşıyan bir gəmisini saxlamağa cəhdi uğursuz alınıb”. Bu barədə, CNN telekanalı və “Röyters” agentliyi Amerika Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Böyük Britaniyanın “British Heritage” neft daşıyan gəmisi iyulun 10-da körfəzdən çıxarkən Hörmüz boğazının yaxınlığında “Sepah”ın 5 sürət qayığı tərəfindən dövrəyə alınıb. Qeyd olunur ki, neft tankerinə yaxınlaşan qayıqlar təhdidlə onu İran sahillərinə yönləndirməyə çalışsalar da, az sonra tankeri arxadan müşayiət edən Böyük Britaniyanın Dəniz Qüvvələrinə məxsus “HMS Montrose” hərbi gəmisinin işə qarışaraq ciddi xəbərdarlıq bildirməsindən sonra “Sepah” qayıqları geri çəkilmək məcburiyyətində qalıblar.

 

Yayılan məlumatda həmçinin bildirilir ki, hadisə zamanı havada uçan Amerikanın bir təyyarəsi hadisəni olduğu kimi lentə alıb.

 

 

Xatırladaq ki, “Sepah” qayıqlarının Britaniyanın supertankerinə hücumu, İran prezidenti Həsən Ruhaninin rəsmi Londona qarşı səsləndirdiyi təhdid dolu bəyanatından bir neçə saat sonraya təsadüf edib. Ruhani iyulun 10-da rəsmi Londona səslənərək deyib ki, Britaniya Cəbəli-Tariqdə İranın neft tankerini saxlamaqla çox səhv və düşünülməmiş bir addım atıb: “Siz bölgədə sabitliyin pozulmasının səbəbkarısınız. Bunun isə nəticələrini və sonrakı fəsadlarını sonra dərk edəcəksiniz” –deyə Ruhani əlavə edib.

 

İran prezidenti Həsən Ruhani

 

Həmçinin İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun katibi Möhsün Rzayi bir neçə gün əvvəl İranın neft daşıyan bir gəmisinin Britaniyanın Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılmasına münasibət bildirərək İranın da cavab olaraq eyni addımı atmasını istəmişdi.

 

O, iyulun 5-də “Twitter” səhifəsində yazdığı bir statusda deyib ki, İran da oxşar addım atmalı, Britaniyanın bir neft gəmisini saxlamalıdır: “İslam inqilabı özünün 40 illik tarixində heç bir savaşda çaxnaşmanın başlanğıcı olmayıb. Lakin heç vaxt quldurlara cavab verməkdə tərəddüdə də yol verməyib. Hesab edirəm ki, əgər Britaniya saxladığı İran gəmisini azad etməsə, bizimkilər də qarşılıqlı olaraq eyni addım atmalı, bu ölkənin neft daşıyan bir gəmisini saxlamalıdırlar” -deyə Möhsün Rzayi vurğulamışdı.

 

Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun katibi Möhsün Rzayi

 

İyulun 3-də Britaniya Hərbi Dəniz Qüvvələri və Cəbəli-Tariq rəsmiləri “Grease 1” adlı Suriyaya neft daşıyan İran gəmisini saxladıqları barədə məlumat yaymışdılar

 

 A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN