Xamneyi: “10 illik sanksiyaların müddətinin yenidən uzadılmasına qəti şəkildə reaksiya verəcəyik”

Xamneyi: “10 illik sanksiyaların müddətinin yenidən uzadılmasına qəti şəkildə reaksiya verəcəyik”

GünAzTV: İranın dini lideri Əli Xamneyi noyabrın 23-də “Bəsic” təşkilatının komandirləri və bir qrup üzvü ilə görüşərək Amerika hökumətinə qarşı sərt bəyanatlar səsləndirib.

 

ABŞ hökumətini nüvə sazişinin icrası ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməməkdə və qanun pozuntusunda günahlandıran Xamneyi bildirib ki, əgər Vaşinqton İrana qarşı yeni sanksiyalar tətbiq etsə, rəsmi Tehran sakit oturmayacaq: “Bizim Amerikanın iş başına gələcək yeni hökuməti ilə hələlik işimiz yoxdur. Lakin bu ölkənin indiki hökuməti nüvə sazişinin, yəni “Bərcam”ın icrası ilə bağlı üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirməyib, hətta qanun pozuntularına da yol verib. Əgər Amerika hökumətinin İrana qarşı 10 illki sanksiyalar qanununun müddəti yenidən uzadılsa və ölkəmizə qarşı yeni sanksiyalar tətbiq edilsə, bu, nüvə sazişinin (“Bərcam”ın) pozulmasından başqa bir anlam daşımayacaq. Belə olduqda isə, İran İslam Respublikası buna qəti şəkildə reaksiya verəcək. Hesab edirik ki, nüvə sazişi İrana və onun xalqına qarşı təzyiq alətinə çevrilməməlidir və biz buna imkan verməyəcəyik”.

 

ABŞ Nümayəndələr Palatası noyabrın 15-də İrana qarşı sanksiyalar qanununu daha 10 il müddətinə uzadıb. Nümayəndələr Palatasında keçirilən şifahi səsvermədə 419 nəfər sanksiyalar qanununun müddətinin uzadılmasının lehinə, 1 nəfər isə əleyhinə səs verib. 1996-cı ildə Amerikanın keçmiş prezidenti Bil klintonun prezidentliyi dövürndə qəbul edilən bu qanun, İranın energetika sənayesi sahəsində hər hansı bir sərmayə qoyuluşuna qadağa qoyur.

 

İrana qarşı sanksiyalar qanununun vaxtı uzadılmasaydı, onun müddəti 2016-cı ilin sonunda başa çatacaqdı. Bildirilir ki, bu layihə əvvəlcə ABŞ Senatı tərəfindən qəbul edilməli, sonra isə prezident Barak Obama tərəfindən imzalanmalıdır.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN