Britaniya mətbuatı: Türkiyə və Rusiya arasında kürdlərə görə inciklik düşüb

Britaniya mətbuatı: Türkiyə və Rusiya arasında kürdlərə görə inciklik düşüb

GünAz TV: "Financial Times" yazır ki, Turkiyə Rusiyanın bu ölkədəki işlər müvəkkilini Xarici İşlər Nazirliyinə dəvət edib.

 

Buna səbəb Suriyada kürdlərin nəzarətində olan ərazidən atılan snayper (təktirəndaz) gülləsinin türk əsgərini öldürməsi olub.

 

Məqalədə deyilir ki, Rusiya qüvvələri Suriyanın sərhəd bölgələrində fəallaşıblar və Rusiya telekanalları rəsmi adı "monitorinq məntəqəsi" olan vahidləri qoşun hissələrinin yeridilməsi kimi təqdim edir.

 

Ankara həm sözü gedən snayper insidenti, həm də Rusiya əsgərlərinin kürd döyüşçülərlə şəkil çəkdirməsi ilə əlaqədar narazılığını bildirib.

 

Bu barədə bəyanatı Türkiyə XİN-in sözçüsü Hüseyin Müftüoğlu verib.

 

Suriyadakı kürd YPG qüvvələri Türkiyədə PKK-nın qolu kimi terrorçu təşkilat hesab olunur və Türkiyənin Suriya ərazisinə müdaxiləsinin başlıca hədəfidir.

 

Hökumət rəsmiləri bildirirlər ki, Türkiyənin Rusiya ilə son vaxtlarda yaxınlaşmasının praktik məqsədi Suriyada münaqişənin sona çatdırılmasıdır.

 

Münaqişə 3 milyon qaçqının Türkiyəyə pənah gətirməsinə səbəb olub. Bundan fürsətlənən kürdlər ABŞ-ın dəstəyi ilə Suriyanın şimalında iki yarımmuxtar ərazi yarada biliblər.

 

Ankara ilə Moskva arasında münasibətlər 2015-ci ildə Rusiya hərbi təyyarəsi Türkiyə tərəfindən vurulub salındıqdan sonra korlanmışdı.

 

Lakin sonradan Moskva və Ankara arasında yaxınlaşma baş verdi və ruslar hətta Hələbdəki türkiyəyönlü döyüşçülərin oradan evakuasiyasına kömək etdi.

 

Lakin Türkiyə Rusiyanın Mənbic şəhəri yaxınlığındakı fəaliyyətindən narahatdır. Suriyada Fərat çayının qərb sahilində yerləşən bu şəhərə kürd YPG qüvvələri nəzarət edir.

 

YPG qüvvələrinin Mənbicdə olması Amerika Birləşmiş Ştatları (ABŞ) tərəfindən dəstəklənir. ABŞ YPG qüvvələrini İŞİD-ə qarşı mübarizəsində müttəfiq kimi görür.

 

Türkiyənin bu şəhəri mühasirəyə almaq cəhdi Rusiya tərəfindən dəstəklənən Suriya rejimi ilə YPG kürdlərinin torpaq dəyiş-düyüşü nəticəsində baş tutmayıb.

 

Türkiyənin baş naziri Binəli Yıldırım bu hadisəni "bayraq yarışı" adlandırmışdı.

 

Snayper insidentindən əvvəl Rusiya təyyarələrinin əl-Bab şəhərinə hava reydi zamanı üç türk əsgəri təsadüfən öldürülmüşdü.

 

Türkiyə və Rusiya arasında münasibətlər yaxşılaşsa da, Moskva Türkiyə tərəvəzi üzərindəki sanksiyaları hələlik qaldırmayıb.

 

Türkiyə iş adamlarına Rusiya vizalarının verilməsində də müşküllüklər var.

 

Digər tərəfdən Rusiya taxılının, qarğıdalı və günəbaxan dəninin idxalı sahəsində də yeni əngəllər ortaya çıxıb.

 

Türkiyə Rusiya taxılı üçün ikinci böyük bazar sayılır. (BBC)

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN