2 İranlı deputat daxili və xarici problemlərin həlli üçün ölkədə referendum keçirilməsini tələb ediblər

2 İranlı deputat daxili və xarici problemlərin həlli üçün ölkədə referendum keçirilməsini tələb ediblər

GünAzTV: İran parlamentinin 2 deputatı, Pərvanə Sələhşuri və Qulamrza Heydəri, sentyabrın 4-də parlament iclasında çıxış edərək, ölkənin üzləşdiyi ciddi daxili və xarici problemlərinin həlli üçün əhali arasında ümumxalq referendumu keçirilməsini tələb ediblər.

 

Öz çıxışında ölkənin uçuruma doğru getməsini vurğulayan deputat Pərvanə Sələhşuri, vətəndaşların üzləşdiyi problemləri sadalayaraq, ölkə konstitusiyasına yenidən baxılmasını,  hərbçilərin ölkənin siyasi və iqtisadi durumuna qarışmamasını tələb edib: “Hesab edirəm ki, ölkənin daxili və xarici siyasətində üzləşdiyi problemləri həll etmək üçün əhali arasında ümumxalq referendumu keçirilməlidir. Fəaliyyətinə yenidən baxılması gərəkən qurumlar, Dövlət tele-radio şirkətinin və Üləma Məclisinin indiki fəaliyyəti, eləcə də əhalinin öz həqiqi nümayəndələrini seçməsinə mane olan Konstitusiyaya Nəzarət Şurasıdır.

 

Bundan başqa, məmləkətdə yaşanan bəzi problemlərin aradan qaldırılması üçün ölkə konstitusiyasına yenidən baxılmalı, ona düzəlişlər edilməlidir.

 

Həmçinin, hesab edirəm ki, ölkənin mövcud böhrandan çıxması üçün siyasi məhbusların əfv olunması, Mirhüseyn Musəvi və Mehdi Kərrubinin ev dustaqlığına son qoyularaq azadlığa buraxılması, yoxsul və kasıb təbəqədən olan insanların ağır güzəranına diqqətin artırılması, ölkədə geniş yayılmış korrupsiya və fəsada qarşı mübarizənin gücləndirilməsi və ölkənin dini liderinin məsələyə qarışaraq mövcud problemlərin həlli üçün mövqe bildirməsi vacib məsələlərdən sayılır.

 

Ölkənin mövcud böhrandan çıxması üçün dövlət televiziyasının inhisarına son qoymaq məqsədilə yeni telekanalların təsis edilməsi üçün özəl sektora şərait yaradılmalı, söz və ifadə azadlığı təmin edilməlidir”.

 

İclasda çıxış edən deputat Qulamrza Heydəri isə milli valyutanın (“rial”) dollar qarşısında dəyərini kəskin itirməsindən danışaraq, ölkənin iqtisadi və xarici siyasətini və dünyaya qəyyum kimi yanaşmasını tənqid edib. O, ölkədə korrupsiya və fəsadın aradan qaldırılması üçün şəffaflığın təmin edilməsini, hakimiyyət daxilində olan bəzi iqtisadi banda və mafiyaların ifşa olunmasını, eləcə də bir sıra dövlət qurumlarının fəaliyyətinə nəzarətin gücləndirilməsini tələb edib.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN