6 Avropa ölkəsinin “İnstex” maliyyə kanalına qoşulmağa hazır olduğunu bəyan etməsi Amerika və İsrailin tənqidinə səbəb olub- FOTO

6 Avropa ölkəsinin “İnstex” maliyyə kanalına qoşulmağa hazır olduğunu bəyan etməsi Amerika və İsrailin tənqidinə səbəb olub- FOTO

GünAz TV: Avropanın digər 6 ölkəsi Aİ ilə İran arasında ticari əlaqələri davam etdirmək üçün təsis edilən “İnstex” adlı xüsusi maliyyə kanalına qoşulmağa hazır olduğunu bəyan edib.

 

Belçika, Danimarka, İsveç, Finlandiya, Norveç və Hollandiya müştərək bəyanat yayaraq, İranın öz nüvə öhdəliklərinə tam əməl etdiyi təqdirdə, sözügedən kanala qoşulmağa hazır olduqlarını bildiriblər. Ölkələr bu addımlarının məqsədinin nüvə razılaşmasını qorumaqla, rəsmi Tehranın atom bombası hazırlamasının qarşısını almaq olduğunu deyiblər.

 

Xatırladaq ki, “İnstex” İranla Aİ ölkələri arasında barter üsuluna əsaslanan ticari əlaqələri davam etdirmək üçün 2019-cu ilin fevral ayında nüvə razılaşmasını imzalayan Avropa ölkələri Fransa, Almaniya və Britaniya tərəfindən təsis edilmişdi. Aprelin 22-də isə kanala nəzarət edəcək İran orqanı Tehranda rəsmi qaydada qeydiyyatdan keçmişdi.

 

Digər tərəfdən, 6 ölkənin bu qərarı Amerika Birləşmiş Ştatları və İsrailin narazılığına səbəb olub. ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenel Twitter səhifəsində yazdığı statusda qərarı kəskin tənqid edib.

 

Riçard Qrenel

 

“İnstex maliyyə kanalına qoşulmaq üçün ən pis zaman! Nəyə görə öz millətini öldürən və törətdiyi qətliamın dünyaya yayılmasının qarşısını almaq üçün interneti tamamilə məhdudlaşdıran rejimlə ticari əlalər qurmağa ehtiyac var? Siz insan haqlarını müdafiə etməlisiniz, zalımla ticarəti yox!”, - deyə səfir sözügedən 6 ölkəyə xitabən qeyd edib.

 

İsrail tərəfi Xarici İşlər Nazirliyi səviyyəsində məsələyə bildirdiyi münasibətdə sözügedən 6 ölkəni kəskin tənqid edib və İranda baş tutmuş son etirazların vəhşicəsinə yatırılmasına diqqət çəkib.

 

“İran rejiminin yüzlərlə iranlını son etirazlar zamanı qanına qəltan etdiyi bir vaxtda Belçika, Danimarka, İsveç, Finlandiya, Norveç və Hollandiyanın Tehran rejimini himayə etməsi ən pis zamandır”, - deyə İsrail XİN-in yaydığı bəyanatda bildirilir.

 

 

İsrail həmçinin həmin ölkələrə sual ünvanlayaraq, İran rejiminin öz xalqını qətliam etməsindən qısa müddət sonra “İnstex”ə qoşulmalarının “İran xalqına, eləcə də rejim və Sepaha hansı mesaj verdiyini” açıqlamalarını istəyib.

 

Ötən gün isə ABŞ prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında məsələ ətrafında müzakirələr aparmaq üçün telefon əlaqəsi baş tutub.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN