Abbas Əraqçi: “İran mərhələli şəkildə nüvə sazişindən çıxmaq üzərində işləyir”

Abbas Əraqçi: “İran mərhələli şəkildə nüvə sazişindən çıxmaq üzərində işləyir”

GünazTV: İran xarici işlər nazirinin müavini Abbas Əraqçi mayın 8-də jurnalistlərə açıqlamasında nüvə razılaşmasının İranın mənafeyini təmin etməməsindən və rəsmi Tehranın həmin sazişdən çıxmaq niyyətində olmasından danışıb.

 

Amerikanın nüvə sazişindən (“Bərcam”) çıxmasından bir il keçməsinə baxmayaraq, Avropa ölkələrini İranın bu sazişdə nəzərdə tutulan mənafeyini təmin etməməkdə təqsirləndirən Əraqçi deyib ki, İranın atdığı son addımları, sazişin aradan qaldırılmasına yox, onun qorunub saxlanılmasına xidmət edir: “İran İslam Respublikası nüvə razılaşmasından çıxmaq üzərində işləyir. Lakin bunu mərhələli şəkildə etmək istəyir. Hesab edirik ki, bizimlə sazişi imzalayan tərəf müqabillərimiz nə zaman üzərlərinə götürdükləri öhdəkilərin icrasına sadiq qalsalar, İran İslam Respublikası da üzərinə götürdüyü öhdəliklərin icrasına başlayacaq.

 

Bundan başqa, biz həm də mərhələli şəkildə, sazişin imzalanmasından əvvəlki mövqeyimizə qayıtmağa, nüvə fəaliyyətimizi yenidən bərpa etməyə tam hazırıq. Biz, nüvə sazişini imzalayan tərəflərə vaxt vermişik ki, razılaşmanın icrası ilə bağlı mövcud qüsurları aradan qaldırsınlar. Bu bizim hazırkı siyasətimizdir.

 

Hazırkı mərhələdə, biz nüvə sazişinin (“Bərcam”ın) sütunlarından birini hədəfə almışıq. Əgər iki aya qədər tələblərimiz yerinə yetirilməsə, bu razılaşmadan çıxmaq üçün ikinci addımı atacaq, növbəti addımda isə uranın zənginləşdirilməsinin faiz dərəcəsini artıracağıq. Bir sözlə, əgər 60 günə qədər bizim istəklərimiz təmin edilməsə, biz Ərak nüvə stansiyasının modernləşdirilməsi ilə əlaqədar digər tərəflərlə əməkdaşlığımıza son qoyacaq, öz daxili imkanlarımıza söykənərək, onu modernləşdirəcəyik” –deyə Abbas Əraqçi vurğulayıb.

 

 

Xatırladaq ki, İranın Ali Milli Təhlükəsizlik Şurası mayın 8-də bəyanat yayaraq, İranın nüvə razılaşması (“Bərcam”) ilə bağlı üzərinə götürdüyü bəzi öhdəliklərin icrasını dayandırdığını elan edib: “İranın Ali Milli Təhlükəsizlik Şurası, İran xalqının milli təhlükəsizlik və mənafeyini qorumaq məqsədi ilə, eləcə də İranın nüvə sazişinin “Bərcam” 26-cı və 36-cı bəndlərində qeyd olunmuş hüququnu nəzərə alaraq, bu gündən etibarən, nüvə razılaşması ilə bağlı üzərinə götürdüyü bəzi öhdəliklərin icrasının dayandırılmasına göstəriş verib” – bəyanatda qeyd edilir.

 

Bu məsələ həm də İran prezidenti Həsən Ruhaninin nüvə sazişini “Bərcam-ı” imzalamış beş ölkənin (Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin) rəhbərlərinə yazdığı məktubunda da öz əksini tapıb” -deyə bəyanatda vurğulanır.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN