Abbas Əraqçi Parisdə Fransanın İqtisadiyyat Nazirliyinin nümayəndələri ilə 10 saat danışıqlar aparıb

Abbas Əraqçi Parisdə Fransanın İqtisadiyyat Nazirliyinin nümayəndələri ilə 10 saat danışıqlar aparıb

GünazTV: Sentyabrın 2-də Parisə səfər edən İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi Fransanın İqtisadiyyat Nazirliyinin nümayəndələri ilə 10 saat danışıqlar aparıb. Bu barədə, İran İslam Respublikasının Fransadakı səfirliyi öz “Twitter” səhifəsində məlumat yayıb. 

 

Parisdəki uzun danışıqlar, Avropa ölkələri cümə axşamı gününə qədər İrana verdikləri vədləri yerinə yetirməyəcəyi təqdirdə rəsmi Tehranın nüvə sazişi şərtlərinin icrası xüsusunda üzərinə götürdüyü öhdəlikləri azaltmaq üçün üçüncü addımı atacağı ilə bağlı təhdidindən az sonraya təsadüf edib.

 

Həmin gün Fransa Xarici İşlər Nazirliyi bəyanat yayaraq, məsələyə münasibət bildirib. Bəyanatda bildirilir ki, Tehranla Avropa və Amerika arasında yaşanan mövcud çaxnaşmanı aradan qaldırmaq üçün bu ölkənin İqtisadiyyat Nazirliyinin nümayəndələri Abbas Əraqçi və onun başçılıq etdiyi İran nümayəndə heyəti ilə danışıqları davam etdirir. Bəyanatda tərəflər arasında aparılan uzun danışıqların detallarına toxunulmayıb.

 

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron son aylar İranla Amerika və nüvə sazişini imzalamış Avropa ölkələri arasında davam edən çaxnaşmanı aradan qaldırmaq üçün öz diplomatik səylərini gücləndirib, bir neçə dəfə İran prezidenti Həsən Ruhani ilə telefon danışığı aparıb.

 

 

Xatırladaq ki, İranın xarici işlər naziri Məhəmmədcavad Zərif sentyabrın 1-də parlamentin milli təhlükəsizlik komissiyasının iclasında çıxış edərək Avropa ölkələrini Tehrana verdikləri iqtisadi vədləri yerinə yetirməməkdə günahlandırıb.

 

 

Zərif deyib ki, əgər Avropa ölkələri sentyabrn 5-nə qədər nüvə sazişi çərçivəsində İrana verdikləri iqtisadi vədlərə əməl etməsələr, İran sazişin şərtləri ilə bağlı üzərinə götürdüyü öhdəliklərin icrasını azaltmaq üçün növbəti addımı atacaq: “Əgər cümə axşamı gününə qədər avropalılar sazişlə bağlı verdikləri vədlərə əməl etməsələr, biz onlara məktub yazacaq, üçüncü addımımızı atacağıq. Avropalılar hazırda İranla ticari əlaqələrini tamamilə dayandırıblar. Bu isə qəbuledilməzdir. Hesab edirik ki, onlar öz üzərlərinə həqiqi öhdəlik götürməlidirlər” –deyə Məhəmmədcavad Zərif əlavə edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN