Abbas Musəvi: “Avropalılar nüvə sazişi ilə bağlı öz öhdəliklərinə sadiq qalsalar İran bu razılaşmada qalacaq”

Abbas Musəvi: “Avropalılar nüvə sazişi ilə bağlı öz öhdəliklərinə sadiq qalsalar İran bu razılaşmada qalacaq”

GünazTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi iyunun 28-də jurnalistlərə açıqlamasında Avropa ölkələrinin nüvə sazişi ilə bağlı üzərlərinə götürdükləri öhdəliklərdən danışıb.

 

O deyib ki, avropalılar sazişin icrası ilə bağlı öz öhdəliklərinə əməl etməsələr, İran başqa seçimlərə üz tutacaq: “Avropalılar nüvə sazişi ilə bağlı öz öhdəliklərinə sadiq qalsalar İran bu razılaşmada qalacaq. Lakin əgər biz bundan əmin ola bilməsək, o zaman başqa addımlar ataraq, yeni seçimlərə üz tutacağıq.

 

Vyanada nüvə sazişi (“Bərcam”) üzrə keçirilən müştərək komissiyanın iclasına gəlincə, hesab edirik ki, bu razılaşmanın gələcək taleyi haqda son qərar verilməlidir. İranın isə bu sazişdə qalıb-qalmaması həmin toplantının nəticələrindən asılı olacaq” –deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi əlavə edib.

 

İyunun 28-də Vyanada keçirilən nüvə sazişi (“Bərcam”) üzrə müştərək komissiyanın iclasına qatılan İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi və Avropa Birliyinin xarici siyasət üzrə sədr müavini Helga Şmit İranla Avropa arasında yaradılan “İnstex”in işə salınmasından  danışıblar.

 

 

Helga Şmit deyib ki, İranla Avropa ölkələri arasında yaradılmış özəl ödəmə kanalı “İnstex” artıq icra mərhələsinə çatıb: “Qarşıdan gələn günlərdə İranla Avropa arasında maliyyə əməliyyatları həyata keçiriləcək. Artıq bank vasitəsilə ilkin pul köçürmələri həyata keçirilir”.

 

Abbas Əraqçi isə jurnalistlərlə görüşündə İranla Avropa arasında “İnstex” mexanizminin artıq işə salındığını təsdiq edib: “Vyana iclasında müəyyən nəticələr əldə edilib. Bu isə irəliyə doğru bir addımdır. Lakin bu kifayət deyil. “İnstex”in işə salınması ilə bütün Avropa ölkələri İranla maliyyə əməliyyatlarını həyata keçirmək üçün bu mexanizmdən istifadə edə bilərlər. Əlbəttə ki, İran nefti satın alınmayınca, “İnstex” bizim bütün gözləntilərimizi yerinə yetirə bilməz. Məhz buna görə də hesab edirik ki, Avropa ölkələri bizim neftimizin satışını ciddi şəkildə gündəmə gətirməlidirlər” –deyə Abbas Əraqçi əlavə edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN