Abbas Musəvi: “Britaniya gəmisinin azad edilməsi istiqamətində son mərhələdə işlər gedir”

Abbas Musəvi: “Britaniya gəmisinin azad edilməsi istiqamətində son mərhələdə işlər gedir”

GünAz TV: İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi ölkəsinin saxladığı Britaniyaya məxsus “Stena İmpero” adlı gəmini buraxmaq üçün son mərhələdə işlər apardığını deyib.

 

O, aparılan işlərlə bağlı detallı danışmasa da, gəminin tezliklə azadlığa buraxılacağına ümid etdiyini deyib.

 

Xatırladaq ki, sözügedən gəmi İrana məxsus, sonradan adını “Adrian Dərya 1” olaraq dəyişən “Grace 1” tankerinin Cəbəli-Tariqdə saxlanmasından sonra, cari ilin iyul ayında “Sepah” terror təşkilatı tərəfindən Oman sularında durdurulmuşdu.

 

Abbas Musəvi həmçinin “Adrian Dərya 1” tankerinin öz gedəcəyi nöqtəyə çatdığını və göyərtəsində olan 2.1 milyon barel nefti satdığını qeyd edib. O, gəminin gedəcəyi istiqamətlə bağlı qərarı yalnız İranın verə biləcəyini, Amerika və Britaniyanın atacağı adekvat addımların ölkəsinə heç bir təsir göstərməyəcəyini deyib.

 

Musəvi gəminin hazırda harda dayandığı və yükünü boşaldıb-boşaltmamasıyla bağlı jurnalistlərin verdiyi suallara cavab verməyib. O, sadəcə olaraq gəminin Aralıq dənizi sahillərindən birində olduğunu deyib.

 

Beynəlxalq naviqasiya şirkətləri bir müddət öncə sözügedən tankerin Suriyanın Tartus limanı yaxınlığında dayandığı barədə məlumat yaymışdılar. Bu gün, bir neçə saat öncə yayılmış şəkillərdə isə tankerin hələ də öz yükünü boşaltmadığı müşahidə edilir.

 

Cəbəli-Tariq “Adrian Dərya 1” tankerini azad edən zaman bəyan etmişdi ki, İran tankerin Suriyaya getməyəcəyilə bağlı onlara zəmanət verib. Amerika Birləşmiş Ştatları məsələyə münasibətində bildirmişdi ki, Zərif yalançıdır, buna görə də, onun verdiyi vədə inanmaq olmaz.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN