Abbas Musəvidən tikinti sektoruna tətbiq edilmiş sanksiyalara münasibət: “Amerika nüvə razılaşmasına qayıtsın”

Abbas Musəvidən tikinti sektoruna tətbiq edilmiş sanksiyalara münasibət: “Amerika nüvə razılaşmasına qayıtsın”

GünAz TV: İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi Amerika Birləşmiş Ştatlarının bu ölkənin tikinti sektoruna qarşı tətbiq etdiyi sanksiyalara münasibət bildirib.

 

O, yeni sanksiyaların qəbulunu “Amerika diplomatiyasının uğursuzluğu və səmərəsizliyi” kimi dəyərləndirərək, rəsmi Vaşinqtonu “təkrar embarqo”lardan əl çəkməyə, bununla da yenidən nüvə razılaşmasına qayıtmağa çağırıb.

 

Xatırladaq ki, noyabrın 1-də ABŞ “Sepah” terror təşkilatı ilə əlaqələrinə görə, İranın tikinti sahəsinə qarşı sanksiyalar tətbiq etdiyini bəyan etmişdi.

 

Yeni sanksiyalara əsasən, İrana yaxud İrandan tikinti sektorunda istifadə edilmək üçün xam və ya yarımfabrikat metallar, qrafit, daş kömür və proqram təminatının satışı, təklifi və ya daşınması bu işləri icra edənlərə qarşı sanksiyaların tətbiq edilməsinə səbəb olacaq.

 

Dövlət Departamenti maksimum təzyiq siyasəti çərçivəsində qəbul edilmiş yeni sanksiyaların hədəfinin İranın öz rəftərlarını köklü şəkildə dəyişməsi, nüvə silahı istehsal etmək üçün yollarının bağlanması, dövlət terroruna və region ölkələrinin daxili işlərinə müdaxiləsinə son verməsi olduğunu bildirib.

 

Bu, İranın tikinti sektoruna qarşı indiyə qədər qəbul edilmiş ilk sanksiya hesab edilir.

 

Ötən gün İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif isə Twitter-də yazdığı statusda sanksiyaların “Amerikanın maksimum təzyiq siyasətinin maksimum məğlubiyyətə düçar olduğunu” göstərdiyini iddia etmişdi. Lakin Zərif iddia etdiyi “məğlubiyyət”in detallarını açıqlamamışdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN