ABŞ İranla 63 illik dostluq müqaviləsini ləğv edib

ABŞ İranla 63 illik dostluq müqaviləsini ləğv edib

GünAzTV: ABŞ 1955-ci ildə İranın keçmiş şahı Məhəmmədrza Pəhləvi dövründə Tehranla Vaşinqton arasında imzalanmış dostluq sazişini ləğv edib. Bu barədə, ABŞ-ın dövlət katibi Mayk Pompeo oktyabrın 3-də jurnalistlərə açıqlama verib.

 

Pompeonun açıqlaması, Beynəlxalq Haaqa Məhkəməsinin, Amerikanın Tehrana qarşı sanksiyaları ilə bağlı İranın lehinə çıxardığı qərarından bir neçə saat sonraya təsadüf edib. Məhkəmə bildirib ki, Amerikanın İrana qarşı sanksiyaları, qida və ərzaq mallarına, dərman və tibbi avadanlıqlara, eləcə də sərnişin təyyarələrinin ehtiyat hissələrinə şamil edilməməlidir.

 

Haaqa Məhkəməsi

 

Dövlət katibi Pompeo bildirib ki, Amerika İranla bağladığı dostluq sazişini əslində 39 il əvvəl, yəni 1979-cu ildə ləğv etməli idi: “İran bu dostluq müqaviləsindən Amerikaya qarşı bir alət kimi istifadə edib. Elə buna görə də, mən bu gün burada elan edirəm ki, Amerika bu müqaviləni artıq  ləğv edib. İranın beynəlxalq terrorizmə dəstəyi ilə bağlı stajını, ballistik raketlər sahəsində fəaliyyətini və regiondakı təxribat xarakterli əməllərini nəzərə alaraq, hesab edirəm ki, onun guya bizim sözü gedən dostluq müqaviləsini pozmağımızla bağlı Haaqa Məhkəməsinə şikayət etməsi, məhkəmənin isə bu barədə çıxardığı qərar, məzhəkəli olmaqla yanaşı həm də absurddur.

 

Bizim humanitar məsələlərə görə, o cümlədən də sərnişin təyyarələrinin təhlükəsiz uçuşlarının təmin olunması ilə bağlı nəzərə aldığımız bəzi istisna hallar, əvvəldə olduğu kimi yenə qüvvədə qalır. Lakin bir şey də var ki, bu gün İranda ölkə pullarını necə xərclənməsi ilə bağlı verilən qərarlar, dünyada terrorizmə dəstəyə və onu qızışdırmağa sərf edilir. Daha doğrusu İran rəhbərləri ölkə pullarını bu kimi yollara xərcləyir, hədər verirlər”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN