Adil əl Cübeyr: “Ər-Riyad hava limanına raket atılmasını İranın ölkəmizə qarşı müharibə elan etməsi kimi qəbul edirik”

Adil əl Cübeyr: “Ər-Riyad hava limanına raket atılmasını İranın ölkəmizə qarşı müharibə elan etməsi kimi qəbul edirik”

GünAzTV: Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr noyabrın 6-da CNN telekanalına müsahibəsində İran tərəfdarı olan husilərin üç gün əvvəl Ər-Riyada atdığı raketindən və İranın bu barədəki rolundan danışıb.

 

Əl-Cübeyr deyib ki, üsyançı şiə-husilərin noyabrın 4-də Ər-Riyadın beynəlxalq hava limanına atdığı raket İranda istehsal edilib və rəsmi Tehranın bu işdə birbaşa əli var: “Biz Ər-Riyad hava limanına raket atılmasını İranın ölkəmizə qarşı müharibə elan etməsi kimi qəbul edir və münasib bir fürsətdə ona layiqli cavab verəcəyik. Aydın məsələdir ki, bu bir İran raketi olub və “Hizbullah” qruplaşması onu husilərin Yəməndə işğal etdiyi ərazilərdən Ər-Riyada atıb.

 

Hesab edirik ki, bu, ölkəmizə qarşı savaş elan edilməsidir. İran, Səudiyyə Ərəbistanının şəhər və kəndlərinə raket atdığı bir halda bizdən bunun qarşısında sakit qalmağımızı gözləyə bilməz. Bu, ölkəmizə qarşı atılan açıq-aşkar bir düşmən addımıdır və onların bu düşmən hərəkətinə reaksiya vermək bizim haqqımızdır və şübhəsiz ki, münasib bir vaxtda ona layiqli cavab verəcəyik. Biz 1979-cu ildən bu yana həmişə İrana dostluq əli uzatmışıq. Lakin təəssüflər olsun ki, bunun qarşılığında İrandan aldığımız düşmənçilik, təhdid və ziyandan başqa bir şey olmayıb”.

 

İranın dəstəklədiyi şiə-husilərin noyabrın 4-də Ər-Riyadın beynəlxalq hava limanına atdığı raket, yerə enmədən səmada Səudiyyə Ərəbistanının hava qüvvələri tərəfindən məhv edilib.

 

Xatırladaq ki, Ər-Riyadın başlçılıq etdiyi ərəb koalisiyası noyabrın 6-da rəsmi bəyanat yayaraq İranı Səudiyyə Ərəbistanına qarşı hərbi təcavüzdə günahlandırıb. Koalisiyasının sözçüsü Torki əl Maliki noyabrın 6-da jurnalistlərə açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanı paytaxtına atılan raketin İranda istehsal edilməsi artıq müəyyən edilib: “İranın bilavasitə rolu, husilərin isə birbaşa komandanlığı ilə Ər-Riyada atılan raket, ölkəmizə qarşı açıq-aşkar bir hərbi təcavüzdür”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN