Adil əl-Cübeyr: “İran rejiminin bölgədə törətdiyi cinayətlərin həddi-hüdudu yoxdur”

Adil əl-Cübeyr: “İran rejiminin bölgədə törətdiyi cinayətlərin həddi-hüdudu yoxdur”

GünazTV: Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil əl-Cübeyr mayın 19-da jurnalistlərə açıqlamasında İranla region ölkələri arasında yaşanan çaxnaşmadan və rəsmi Tehranın qonşularına qarşı təhdidindən danışıb.

 

Öz açıqlamasında İranın qonşu ərəb ölkələrində çoxlu terror aktları törətməsi ilə bağlı stajına toxunan Adil əl-Cübeyr deyib ki,  Ər-Riyad regionda yeni bir savaşın başlanmasının tərəfdarı deyil: “İran rejiminin bölgədə törətdiyi cinayətlərin həddi-hüdudu yoxdur. Lakin buna baxmayaraq, biz müharibə tərəfdarı deyilik. Biz hətta, bölgədə baş verən olayları və mövcud gərgin durumu savaşa doğru yönəltmək niyyətində də deyilik. Biz, regionda hər hansı bir savaşın baş verməsinin qarşısını almaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. Lakin əgər qarşı tərəf (İran) müharibəni seçsə və savaş baş versə, Səudiyyə Krallığı tam gücü və iradəsi ilə ona kəskin reaksiya verəcək, öz mənafeyini qoruyacaq.

 

Biz, regionda sülh və sabitliyin bərqərar olunmasının tərəfdarıyıq. Körfəzin digər ölkələri də bunun tərəfdarıdırlar. Lakin İranın bizə qarşı hücumu davam etsə, biz sakit qalmayacağıq. Biz, müharibə istəmirik və İrana da imkan verməyəcəyik ki, bizə qarşı düşmən əməllərinə əl atsın. Hazırda Körfəz Əməkdaşlıq Şurasına üzv olan bütün ölkələr regionda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması məqsədilə Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq edirlər. Top artıq İran meydançasındadır və İran atacağı növbəti addımı barədə qərar verməlidir. Ümid edirik ki, İran rejimi ağla gələcək, bölgədə yeni bir savaşın baş verməsinə şərait yaratmayacaq.

 

Amerikanın “Sepah”ı terrorçu təşkilatlar siyahısına salması məsələsinə gəlincə, hesab edirəm ki, bu iş hələ 20 il əvvəl olmalı idi. Çünki, “Sepah”, bu günə qədər İran sərhədlərindən kənarda çoxlu terror aktları törədib, beynəlxalq terrorçu qruplaşmalara birbaşa və açıq şəkildə dəstək verib. Elə buna görə də, düşünürəm ki, “Sepah” hərbi-terrorçu bir qurumdur”–deyə Adil əl-Cübeyr əlavə edib.

 

 

 Qeyd edək ki, son həftələr, İranla Səudiyyə Krallığı rəsmiləri arasında söz müharibəsi daha kəskin hal alıb. İranın körfəzdə Hörmüz boğazını neft daşıyan beynəlxalq gəmilərin üzünə bağlayacağı ilə bağlı təhdidlərinə cavab olaraq, ABŞ Müdafiə Nazirliyi iki həftə əvvəl Amerikanın “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisini, B-52 strateji bombardımançılarını və “Patriot” zenit-raket kompleksini bölgəyə göndərib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN