Adil əl Cübeyr: “İran, terrorizmin 1 nömrəli himayədarıdır. Bu rejim terrorçulara sığınacaq verir”

Adil əl Cübeyr: “İran, terrorizmin 1 nömrəli himayədarıdır. Bu rejim terrorçulara sığınacaq verir”

GunAzTV: Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr noyabrın 9-da CNBC telekanalına müsahibəsində İranın region ölkələrinin daxili işlərinə qarışmasından, beynəlxalq terrorizmə dəstəyindən və şiə-husilərin ötən həftə Ər-Riyada atdığı ballistik raketindən danışıb.

 

İran hakimiyyətini “qanundan yayınmaq”da və “terrorizmə dəstək vermək”də günahlandıran Adil əl Cübeyr Tehrana qarşı beynəlxalq sanksiyaların gücləndirilməsinin zəruriliyindən danışıb: “İran rejimi qanundan yayınan,  terrorizmə dəstək verən 1 nömrəli ölkədir. Yəməndən Ər-Riyada atılan raket məhz İranda istehsal edilib. Bu raket, cari ilin 22 iyul tarixində bizim Yənbu şəhərinə atılan raketin bənzəri idi. 900 kilometr məsafəni qət etməyə qadir olan bu raketin hissəcikləri qaçaqmalçılıq yolu ilə əvvəlcədən Yəmənə aparılmış, orada isə “Sepah” və “Hizbullah” mütəxəssisləri tərəfindən quraşdırılıb montaj edildikdən sonra şəhərimizə atılmışdı. Daha doğrusu İran rejiminin mütəxəssisləri ilə “Hizbullah” qruplaşması, Səudiyyə Ərəbistanına qarşı bu hücumu əvvəlcədən planlaşdırmış, hər şeyi qabaqcadan koordinasiya etmişdilər. Onların bu hücumu isə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2216 saylı qətnaməsinə qarşı bir addımdır. Hesab edirik ki, bu ölkəmizə qarşı gerçəkləşdirilmiş bir hərbi təşəbbüs və addım sayıla bilər.

 

İran rejimi beynəlxalq terrorizmin 1 nömrəli himayədarı olaraq terroçulara sığınacaq verir, Əl-Qaidə və Üsamə Bin Ladenin 1990-cı ildən bu yana qərarlaşdığı eyni cəbhədən çıxış edir. Necə ki, 2002-ci ildə Əl-Qaidənin virtual rəhbərliyinin kadrları məhz İrana sığınmış və uzun illər bu ölkədə yaşayıblar. Onlar Səudiyyə Ərəbistanına qarşı terror əməliyyatlarını da məhz İrandan idarə ediblər. Ər-Riyadda 3 yaşayış kompleks binanın partladılmasına əmri də həmin vaxt İranda yaşayan Seyf ul-Ədəl tərəfindən verilib. O, həmin əməliyyata şəxsən rəhbərlik edib. Bizdə onun bu əməliyyata başlanılması ilə bağlı yazılmış səsi var. Bu isə inkaredilməz bir sübutdur.

 

Bundan başqa İran rejimi beynəlxalq norma və qanunlara məhəl qoymayaraq bu günə qədər öz ölkəsi daxilində 12 xarici ölkənin səfirliyinə hücum edib, dünyada bir çox ölkənin, o cümlədən də Səudiyyə Ərəbistanı diplomatlarını qətlə yetirib. İran rejimi həmçinin dünyanın müxtəlif yerlərində, o sıradan da Avropa, Cənubi Amerika və Orta Şərqdə bir çox terror əməliyyatlarını planlaşdıraraq həyata keçirib. Hesab edirik ki, İran rejimi bu günə qədər dünyada və bölgədə gördüyü bütün bu pis və mənfi işlərinin məsuliyyətini üzərinə götürməli, bu çirkin əməllərindən əl çəkməlidir”.

 

Xatırladaq ki, İranın dəstəklədiyi şiə-husilərin noyabrın 4-də Ər-Riyadın beynəlxalq hava limanına atdığı ballistik raket, yerə düşməzdən əvvəl Səudiyyə Ərəbistanının hava qüvvələri tərəfindən səmada məhv edilib.

 

 Hadisədən az sonra Səudiyyə Ərəbistanının bir sıra yüksək rütbəli rəsmiləri, o cümlədən də xarici işlər naziri Adil əl Cübeyr, vəliəhd və müdafiə naziri Məhəmməd Bin Salman və Ər-Riyadın başçılıq etdiyi ərəb koalisiyasının sözçüsü Torki əl Maliki İrana qarşı ayrı-ayrılıqda bəyanatlar səsləndiriblər. Onlar, İranı Yəməndəki şiə-husiləri ballistik raketlərlə silahlandırmaqda, Səudiyyə Krallığına qarşı hərbi təcavüzdə və bununla da Səudiyyə Ərəbistanına qarşı savaş elan etməkdə günahlandırıblar.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN