“Airbus”ın ilk sərnişin təyyarəsi İrana təhvil verilib

“Airbus”ın ilk sərnişin təyyarəsi İrana təhvil verilib

GünAzTV: Yanvarın 11-də Fransanın Tuluz şəhərində “İran Air” in icraçı direktoru Fərhad Pərvərişin başçılığı ilə İran nümayəndə heyətinin “Airbus” şirkəti rəsmiləri ilə birgə qatıldığı mərasimdə Tehranın bu ölkədən aldığı ilk sərnişin təyyarəsi İrana təhvil verilib.

 

Fərhad Pərvəriş jurnalistlərə açıqlamasında bildirib ki, təhvil alınan və 190 yerlik olan sərnişin təyyarəsi yanvarın 12-də iranlı pilotların vasitəsilə Tuluz hava limanını tərk edərək Tehranın Mehrabad hava limanına uçacaq: “Bu gün “İran Air” üçün böyük bir gündür. Bu gün həm də İranla Avropa Birliyi münasibətləri üçün mühüm və əlamətdar bir gündür”.

 

Bildirilir ki, İrana təhvil verilən sərnişin təyyarəsi, “Airbus”ın yenicə istesal olunmuş  “321-A” tipli nümunələrindəndir və belə bir təyyarə 1979-cu ildə İranda baş vermiş inqilabdan bu yana ilk  Tehrana təhvil verilmiş ilk təyyarədir.

 

Xatırladaq ki, mərkəzi ofisi Fransada olan Avropanın ən böyük təyyarə istehsalçısı sayılan  “Airbus” şirkəti, dekabrın 22-də bəyanat yayaraq İrana 100 ədəd sərnişin təyyarəsinin satışı ilə bağlı rəsmi Tehranla müqavilə imzalanmasından xəbər verib.

 

Bəyanatda bildirilib ki, “Airbus”ın İran Aviasiya Şirkəti “Homa” ilə imzaladığı müqavilənin ümumi dəyəri 20 milyard dollardır. Qeyd olunur ki, tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə əsasən, 2017-ci ilin əvvəlindən İrana təhvil verilməsinə başlanacaq sərnişin təyyarələrinin 46-sı “Airbus 320”, 38-i “Airbus 330”, 16-sı isə “Airbus 350” modelində olacaq.

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN