Albaniya 2 İran diplomatını ölkədən qovub. Qovulanlardan biri İran səfiridir

Albaniya 2 İran diplomatını ölkədən qovub. Qovulanlardan biri İran səfiridir

GünAzTV: Albaniya Xarici İşlər Nazirliyi dekabrın 19-da bəyanat yayaraq 2 İran diplomatının ölkədən qovulmasından xəbər verib. Qovulanlardan biri, İranın bu ölkədəki səfiri Qulamhüseyn Məhəmmədniyadır. İranın digər diplomatının adı açıqlanmayıb.

 

Bəyanatda İran diplomatları “arzuolunmaz şəxslər” adlandırılaraq, beynəlxalq diplomatik qayda və prinsipləri pozmaqda, Albaniyanın təhlükəsizliyinə xətər gətirən əməllərlə məşğul olmaqda günahlandırılıblar.

 

Albaniya Xarici İşlər Nazirliyinin sözçüsü məsələ ilə bağlı jurnalistlərə açıqlamasında, İran diplomatlarının diplomatik prinsiplərə zidd fəaliyyətinin deallarını açıqlamasa da, bildirib ki, rəsmi Tirana bir sıra digər ölkələrlə, o cümlədən də İsraillə fikir mübadiləsi apardıqdan sonra bu addımı atmağa qərar verib.

 

ABŞ dövlət katibi Mayk Pompeo “Twitter” səhifəsində paylaşdığı bir postda, Albaniya hökumətinin bu addımını müsbət dəyərləndirərək, ölkədən çıxarılan İran diplomatlarını Albaniyada terrorçu hücumlar planlaşdırmaqda günahlandırıb.

 

Con Bolton

 

Amerika prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton isə dekabrın 20-də “Twitter” səhifəsində məsələyə münasibət bildirərək, İranın terrorizmə dəstəyinə göz yummadığına görə, Albaniyanın baş naziri Edi Ramaya öz təşəkkürünü bildirib: “Albaniyanın baş naziri Edi Rama indicə İran səfirini ölkədən qovdu. Bu isə İran rəhbərlərinə göndərilən bir mesajdır. O da budur ki, onların terrorizmə dəstəyinə göz yumulmayacaq. Biz isə Avropada və bütün dünyada İranın düşünülməmiş və ağlasığmaz əməllərinin qarşısında dayanan baş nazir Edi Rama və Albaniya Xalqının yanındayıq”.

 

Albaniyanın baş naziri Edi Rama

 

Qeyd edək ki, hazırda İran rejiminin ən böyük müxalif qruplarından biri olan İran Xalq Mücahidləri Təşkilatının 2 min üzvü Albaniyada yaradılmış qeyri-hərbi bir qərargahda fəaliyyət göstərir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN