Albaniya hökuməti İranın iki diplomatını “Arzuolunmaz şəxslər” adlandıraraq ölkədən qovub

Albaniya hökuməti İranın iki diplomatını “Arzuolunmaz şəxslər” adlandıraraq ölkədən qovub

GünazTV: Albaniya hökuməti İranın terrorçu fəaliyyətlərlə məşğul olan iki “diplomat”ını arzuolunmaz şəxslər adlandıraraq ölkədən qovub.

 

Bu barədə, Albaniyanın xarici işlər naziri Gent Sakay (Gent Cakaj) yanvarın 15-də Facebook səhifəsində yaydığı bəyanatında məlumat verib.

 

O bildirib ki, İran diplomatları Əhməd Hüseyni Ələst və Məhəmmədəli Ərzpeyma Neməti Vyena Konvensiyasının şərtlərini pozaraq Avropada və Orta Şərqdə terrorizmə dəstəklə bağlı fəaliyyətlərdə olublar: “İran diplomatları Albaniyanın milli təhlükəsizliyini təhlükəyə saldıqları üçün arzuolunmaz şəxslər adlandırılaraq ölkədən qovulublar. Bu iki şəxs öz diplomatik missiyalarına zidd fəaliyyətlər məşğul olublar. Onlar ən qısa zamanda Albaniya torpağını tərk etməlidirlər” -deyə, Albaniyanın xarici işlər naziri Gent Sakay Facebook-da yaydığı bəyanatında əlavə edib.

 

Gent Sakay, İran diplomatlarının beynəlxalq qanunlara zidd apardığı fəaliyyətlərin detallarını açıqlamayıb.

 

 Albaniyanın xarici işlər naziri Gent Sakay (Gent Cakaj) 

 

Xatırladaq ki, Albaniya Xarici İşlər Nazirliyi 2018-ci il, dekabrın 19-da bəyanat yayaraq, 2 İran diplomatının ölkədən qovulmasından xəbər vermişdi. Qovulanlardan biri, İranın bu ölkədəki sabiq səfiri Qulamhüseyn Məhəmmədniya idi. Bəyanatda İran diplomatları “arzuolunmaz şəxslər” adlandırılaraq, beynəlxalq diplomatik qayda və prinsipləri pozmaqda, Albaniyanın təhlükəsizliyinə xətər gətirən əməllərlə məşğul olmaqda günahlandırılmışdılar.

 

2018-ci il, oktyabrın 23-də isə Albaniya polisi bəyanat yayaraq, İran rejiminin bu ölkədə fəaliyyət göstərən Xalq Mücahidləri Təşkilatına qarşı terror şəbəkəsinin üzvlərinin zərərsizləşdirilməsindən xəbər vermişdi.

 

Albaniya polisinin rəisi Ardi Veliu demişdi ki, İrana bağlı terror şəbəkəsinin üzvləri qarşıdan gələn Novruz bayramı şənliklərində “3-cü Əşrəf” adı ilə tanınan Xalq Mücahidlərinin Tirana yaxınlığındakı qərargahına qarşı bir sıra terror hücumları planlaşdırıbmışlar: “Bu terror şəbəkəsi “Sepah”ın “Qüds” briqadası idarə olunub. Şəbəkə üzvləri Türkiyədəki mütəşəkkil cinayətkar qruplaşmarla əlaqədə olaraq, terror planını həyata keçirimək üçün Xalq Mücahidləri Təşkilatının keçmiş üzvlərindən birinin əməkdaşlığından da istifadə ediblər. Bu terror şəbəkəsini, həm də İranın təhlükəsizlik orqanlarından olan iki yüksək vəzifəli rəsmisi birbaşa Tehrandan yönləndirirmişlər” –deyə Albaniya polisinin rəisi Ardi Veliu əlavə etmişdi.

 

Xatırladaq ki, əvvəllər İran rejiminə qarşı silahlı mübarizə aparan, hərbi qərargahları İraqda olan Xalq Mücahidlər Təşkilatının üzvləri 2003-cü ildə Amerika ordusunun İraqa hücumundan sonra tərksilah edilib və bir müddətdən sonra onun 3 minə yaxın üzvü İraqdan Albaniyaya köçürülüb.

 

Qeyd edək ki, son illər xarici ölkələrdə İran rejiminə qarşı mübarizə aparan yüzlərlə iranlı müxalif, ETTELAAT-ın və “Sepah”ın “Qüds” briqadasının mülki geyimli əməkdaşlarının həyata keçirdiyi terror aktları nəticəsində qətlə yetirilib. 

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN