Almaniyanın “Siemens” şirkəti İranla əməkdaşlığını dayandırıb

Almaniyanın “Siemens” şirkəti İranla əməkdaşlığını dayandırıb

GünAzTV: Almaniyanın məşhur “Siemens” şirkəti İranla əməkdaşlığını dayandırıb. Bu barədə “Euronews” telekanalı avqustun 24-də şirkətin baş icraçı direktoru Co Kayzerə istinadən məlumat yayıb.

 

Dünyanın texnologiya və innovasiya, Kommunikasiya avadanlıqlarının istehsalı və digər sahələrdə fəaliyyət göstərən aparıcı şirkətlərindən biri kimi tanınan “Siemens” şirkətinin rəhbəri bildirib ki, Amerikanın İrana qarşı tətbiqinə başladığı sanksiyaları nəzərə alaraq, o İranla əməkdaşlıqlarına son qoymaq qərarına gəlib: “Şirkətimiz çalışır ki, Amerikanın tətbiq etdiyi sanksiyalarla bağlı İrana əmtəə ixracatına qoyulan bütün məhdudiyyətlərə riayət etsin. Məhz buna görə də, biz İranla əməkdaşlığımızı dayandırmağa qərar verdik”.

 

"Siemens" şirkətinin baş icraçı direktoru Co Kayzer

 

Xatırladaq ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı sərəncama əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb. Sanksiyaların birinci mərhələsində, İranın qızıl və digər qiymətli metallarının satışına, avtomobil sənayesinə, gəmiçilik sığortasına, xarici banklardan İrana valyuta köçürmələrinə, İran xalçası ilə qida məhsullarının ixracına və s. qadağa qoyulub.

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN