Amerika hökuməti, “Hizbullah”ın İranla əməkdaşlıq edən 2 üzvünə və 5 şirkətə sanksiya qoyub

Amerika hökuməti, “Hizbullah”ın İranla əməkdaşlıq edən 2 üzvünə və 5 şirkətə sanksiya qoyub

GünAzTV: ABŞ Maliyyə Nazirliyi mayın 17-də bəyanat yayaraq, Livan “Hizbullah”ının İrandakı nümayəndəsi Abdulla Səfiyyəddinə və həmin qruplaşmanın maliyyə ehtiyaclarını təmin edən Məhəmməd İbrahim Baziyə sanksiya qoyduğunu açıqlayıb.

 

Nazirliyin qərarına əsasən, həmçinin Livan “Hizbullah”ına, eləcə də Abdulla Səfiyyəddinə və Məhəmməd İbrahim Baziyə bağlı 5 şirkətə sanksiya qoyub.

 

Belçikada qeydiyyatdan keçən Enerji Xidmətləri Şirkəti, Qambiyada fəaliyyət göstərən Neft və Neft Məhsulları Şirkəti, Livanda qeydiyyatda olan Afrika-Orta Şərq Sərmayə Yatırımı Şirkəti və həmin ölkədə idxalat və ixracat sahəsində fəaliyyət edən daha bir şirkət, Amerikanın sanksiyalar siyahısına daxil etdiyi müəssisələrdir.

 

Amerikanın maliyyə naziri Stiven Mnuçin məsələ ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, rəsmi Vaşinqton, İranla “Hizbullah”ın birgə terror şəbəkələrinin fəaliyyətinə, onların bölgənin sabitliyini pozmasına imkan verməyəcək: “Amerika hökuməti hər bir fürsətdən istifadə edərək, İranla “Hizbullah”a bağlı terror şəbəkələrini, xüsusən də İranın Mərkəzi Bankına bağlı olan terror şəbəkələrini ifşa edir, onların fəaliyyətini əngəlləyir”.

 

 

Xatırladaq ki, mayın 15-də ABŞ Maliyyə Nazirliyi, beynəlxalq terrorizmə verdiyi dəstəyə görə, İranın Mərkəzi Bankının rəisi Vəliyulla Seyfə və onun beynəlxalq məsələlər üzrə müavini Əli Tərzəliyə qarşı sanksiya qoyub.

 

ABŞ Maliyyə Nazirliyinin İranın Mərkəzi Bankının rəisinə qarşı sanksiya qoyması, Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını elan etməsindən bir həftə sonraya təsadüf edib.

 

Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN