Amerika İranın 5 nüvə aliminə qarşı sanksiya tətbiq edib

Amerika İranın 5 nüvə aliminə qarşı sanksiya tətbiq edib

GünAz TV: Amerika Birləşmiş Ştatları İranın atom silahı əldə etmək üçün həyata keçirdiyi nüvə proqramında fəaliyyət göstərən 5 nüvə aliminə qarşı sanksiyalar tətbiq edib.

 

Bu barədə məlumat yayan ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo bildirib ki, ölkəsinin Ticarət Nazirliyi hazırda həmin 5 alimin adını sanksiyalar siyahısına salmaqla məşğuldur. O, həmin elm adamlarının İranın atom bombası əldə etmək üçün 2004-cü ildən əvvəlki illərdə "amad layihəsi" adı altında həyata keçirilən məxfi nüvə proqramında fəaliyyət göstərdiyini, hazırda da rejimin xidmətində olduğunu deyib.

 

"İran icrası dayandırılmış amad layihəsi sayəsində əldə etdiyi bəzi elmi nəaliyyətlər, eləcə də indi sanksiya tətbiq edilmiş bu 5 alim də daxil olmaqla, nüvə personalını gələcək fəaliyyətlərdə istifadə etmək üçün öz xidmətində saxlayıb", - deyə Pompeo əlavə edib.

 

Dövlət Departamentinin rəhbəri həmçinin bildirib ki, İranın keçmiş nüvə fəaliyyətləri ilə bağlı qaranlıq məqamlar çoxdur və hazırki sanksiyalar rəsmi Tehranı həmin fəaliyyətlərinə cavabdeh bilməyin zərurətini bir daha vurğulamaq məqsədi daşıyır.

 

Pompeo sonda qeyd edib ki, Cənubi Afrika, Çin və Honkonqda yerləşən 9 qurum, eləcə də 3 fiziki şəxs olan İran vətəndaşı İranla petrokimiya məhsullarının alış-verişinə görə sanksiyalar siyahısına salınıb.

 

Qeyd etmək lazımdır ki, İsrail və bir qrup amerikalı rəsmi məxfi kəşfiyyat məlumatlarına əsaslanmaqla, İranın 2004-cu ildən əvvəl atom bombası əldə etmək üçün "amad layihəsi" adı altında proqram həyata keçirdiyini bildirirlər. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin raportları həmin layihənin uğursuzluğa düçar olmuş böyük hissəsinin 2004-cü ildə dayandırıldığını göstərir.

 

Bununla belə, İsrail İrandan ələ keçirə bildiyi kəşfiyyat məlumatlarına əsasən, bu ölkənin 2015-ci ildə imzalanmış nüvə razılaşmasından sonra da sözügedən nüvə proqramını həyata keçirdiyini bildirir.

 

 Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN