Amerika İranın Konstitusiyaya Nəzarət Şurasının üzvlərinə sanksiya qoyub - FOTOLAR

Amerika İranın Konstitusiyaya Nəzarət Şurasının üzvlərinə sanksiya qoyub - FOTOLAR

GünazTV: ABŞ Dövlət Departamenti İranın Konstitusiyaya Nəzarət Şurasının üzvlərinə, o cümlədən də həmin şuranın rəhbəri olan axund Əhməd Cənnətiyə sanksiya qoyub.

 

Bu barədə, ABŞ Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk fevralın 20-də jurnalistlərə açıqlama verib.

 

Huk deyib ki, Amerika hökuməti Konstitusiyaya Nəzarət Şurasının beş yüksək vəzifəli üzvünə, o cümlədən də İran millətinin səsini boğmaqla azad və ədalətli parlament seçkilərinin keçirilməsinə mane olan şuranın 92 yaşlı rəhbəri Əhməd Cənnətiyə sanksiya tətbiq edib: “Barələrində sanksiya qoyulan şuranın digər üzvləri isə bunlardır: - İranın Konstitusiyaya Nəzarət Şurasının sözçüsü Abbasəli Kədxudai, həmin şura fəqihlərinin üzvü, “ayətullah” Məhəmməd Yəzdi və şuranın hüquqşünas üzvləri Siyamək Rəhpeyk və Məhəmməd Həsən Sadiqi Müqəddəm.

 

Bu şəxslər İranda azad seçkilərin keçirilməsinə mane olurlar. İranda parlament seçkilərinə nəzarətçi qurum kimi tanınan Konstitusiyaya Nəzarət Şurası və onun üzvləri İran xalqını öz hüququndan məhrum ediblər. Biz isə öz sanksiyalarımızla azadlığı və azad seçki hüququnu insanların əlindən alan şəxsləri hədəf alırıq.

 

İran rejimi artıq 41 ildir bu siyasəti yürüdərək parlamentin xalqın həqiqi nümayəndələrinin toplaşdığı bir məkana çevrilməsinə imkan vermir. Bununla da onlar xalqı azad və ədalətli seçkilərdən məhrum edirlər. İranın Konstitusiyaya Nəzarət Şurası hazırda deputatlığa namizədliyini irəli sürmüş 7 mindən çox şəxsin səlahiyyətini rədd edərək qeydiyyata almayıb. Əhməd Cənnəti isə 92 yaşlı bir ruhanidir və iranlıların kimə səs verə biləcəklərinə məhz o qərar verir.

 

Noyabrın 21-də İranda keçiriləcək parlament seçkiləri sadəcə olaraq siyasi bir şoudan başqa bir şey deyil. Daha doğrusu, bu şounun yalnız adı seçkilərdir. Məhz həmin səbəbə görə də milyonlarla İran vətəndaşı cümə günü evdə oturub bu şouda iştirak etməmələrinə qərar veriblər”-deyə, ABŞ Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk bəyan edib.

 

Konstitusiyaya Nəzarət Şurasının sözçüsü Abbasəli Kədxudai

 

Qeyd edək ki, fevralın 21-də İranda növbəti parlament seçkiləri keçiriləcək. Əhali arasında keçirilən sorğunun nəticələrinə görə, ölkə vətəndaşlarının əksəriyyəti, o cümlədən də, hakimiyyətdaxili islahat tərəfdarı olan cərəyanlar seçkidə iştirak etməyəcəklərini bildiriblər.

 

 "Ayətullah" Məhəmməd Yəzdi

 

Şuranın hüquqşünas üzvü Siyamək Rəhpeyk

 

Şuranın hüquqşünas üzvü, Məhəmməd Həsən Sadiqi Müqəddəm 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN