Amerika İranın nüvə proqramına görə Yaxın Şərqə 120 minlik ordu göndərmək planı üzərində işləyir

Amerika İranın nüvə proqramına görə Yaxın Şərqə 120 minlik ordu göndərmək planı üzərində işləyir

GünAz TV: “New York Times” qəzetinin məlumatına görə, Ağ Ev Yaxın Şərqə 120 minlik ordu göndərmək planı üzərində işləyir.

 

Məlumatda qeyd edilir ki, bu plan İranın Amerika qüvvələrinə qarşı hücumu baş tutarsa və ya bu ölkə nüvə silahı əldə etmək üçün fəaliyyətlərini davam etdirərsə, Yaxın Şərqə Amerikanın 120 minlik hərbi qüvvəsinin ezam edilməsini nəzərdə tutur.

 

“New York Times”ın adlarının açıqlanmasını istəməyən amerikalı rəsmilərə istinadən yayımladığı xəbərə əsasən, qeyd edilən planı ABŞ Müdafiə Nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahan mayın 9-da keçirilmiş görüş zamanı təqdim edib.

 

Ötən həftə keçirilmiş görüşdə Con Bolton da daxil olmaqla, ölkənin yüksək dövlət məmurları iştirak edib.

 

Şanahanın təqdim etdiyi plan ABŞ-ın İrana qarşı hərbi əməliyyat variantının yenilənmiş formasıdır və ona yenidən baxılması və yenilənməsi ilə bağlı göstərişi Bolton verib.

 

Amerikalı rəsmilərin qəzetə dediklərinə görə, yeni planda İrana yerüstü hücum etmək qeyd edilməyib. Çünki bunun üçün daha çox hərbçiyə ehtiyac duyulur.

 

İclas zamanı həmçinin İrana qarşı bir neçə hərbi plan irəli sürülüb. Lakin ən çox hərbçinin regiona göndərilməsini ehtiva edən plan Patrik Şanahana məxsusdur.

 

Xatırladaq ki, son günlər ərzində Amerika ilə İran arasında münasibətlər son dərəcə gərginləşib. ABŞ mayın 5-də İrana açıq mesaj vermək üçün körfəzə “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisi ilə birlikdə qırıcıların göndəriləcəyini bəyan etmişdi. Bir neçə gün sonra isə Amerika ordusu regiona B-52 tipli strateji bombardımançıların göndərildiyini və onların Qətərin “Əl-Üdeyd” hava bazasında mənzilləndiyi barədə məlumat yaymışdı.

 

Digər tərəfdən, mayın 12-də BƏƏ yaxınlığında ticari gəmilərə edilən hücumda da İranın əli olduğu ehtimal edilir. Bu məsələ ilə bağlı Amerika prezidenti rəsmi Tehrana xitabən bildirib ki, ““İran səhvə yol verib nəsə etməyə çalışsa, bədəlini çox ağır ödəyəcək”.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN