Amerika İranın Suriyaya silah və hərbi qüvvə daşıyan 31 sərnişin təyyarəsinə sanksiya qoyub

Amerika İranın Suriyaya silah və hərbi qüvvə daşıyan 31 sərnişin təyyarəsinə sanksiya qoyub

GünAzTV: Amerikanın Maliyyə Nazirliyi mayın 24-də bəyanat yayaraq İranın gizli yollarla Suriyaya silah və hərbi qüvvə daşıyan 31 sərnişin təyyarəsinə sanksiya qoyduğunu açıqlayıb.

 

Bəyanatda bildirilir ki, nazirliyin sanksiyalarına məruz qalan sərnişin təyyarələri, İranın “Mahan”, “Kaspian”, “Merac”, “Puya” və “Dena” aviaşirkətlərinə məxsus təyyarələrdir. Qeyd olunur ki, bu aviaşirkətlərlə əməkdaşlıq edərək onlara xidmət göstərən “Rövnəqi” və “Zəngənə” soyadlı 2 İran vətəndaşına və Gülnihal Yeganə adlı bir Türkiyə vətəndaşına sanksiya tətbiq edilib. Bildirilir ki, Gülnihal Yeganə, Amerikanın İrana qarşı sanksiyalarını pozaraq, qanunsuz yolla “MahanAir” aviaşirkətinə məxsus təyyarələrin ehtiyat hissələrini təmin edib.

 

Bəyanatda həmçinin bildirilir ki, Gülnihal Yeganə və “Mahan” aviaşirkəti ilə əlaqədə olan və onlarla əməkdaşlıq edən Türkiyənin bir neçə şirkətinə, o cümlədən də “Havacılık Lojistik” şirkətinə sanksiya tətbiq edilib.

 

 

Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən ABŞ maliyyə naziri Stiven Mnuçin deyib ki, bu şəxs və aviaşirkətlər, və onlara məxsus sərnişin təyyarələri, “Sepah”ın “Qüds” qanadı qüvvələrinin, eləcə də onlara bağlı xarici muzdluların Suriyaya daşınmasında böyük rol oynayıblar. Bu təyyarələr vasitəsilə həmçinin Suriyaya qanunsuz yollarla külli miqdarda silah-sursat və nağd pul da köçürülüb.

 

ABŞ Maliyyə Nazirliyi

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN