Amerika körfəzə B-52 qitələrarası strateji bombardmançı təyyarə göndərir

Amerika körfəzə B-52 qitələrarası strateji bombardmançı təyyarə göndərir

GünAz TV: Mayın 7-də Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi- Pentaqon körfəzə B-52 qitələrarası strateji bombardmançı-raketdaşıyan göndərəcəyi ilə bağlı məlumat yayıb.

 

B-52 bombardımançılarının Abraham Lincoln təyyarə daşıyan gəmisi ilə birlikdə körfəzə göndərməsi ilə bağlı yayılan xəbərlərlə eyni zamanda ABŞ Müdafiə Nazirliyi İran və ona bağlı qruplaşmaların Amerika hərbi qüvvələrinə qarşı hücuma hazırlaşdığı xüsusunda məlumatlar əldə etdiyini deyir.

 

Nazirliyin sözçü əvəzedicisi Çarles Summersin dünən verdiyi açıqlamada Abraham Lincoln təyyarə daşıyan gəmisi ilə birlikdə körfəzə bombardımançıların göndərilməsinin İranın ABŞ hərbçiləri ya onun regionda yerləşən müttəfiqlərinə qarşı hazırladığı mümkün hücumlara qarşı ehtiyat tədbiri olduğunu deyib.

 

Sözçü Ağ Evin bəyanatını bir daha təsdiqləyərək bildirib ki, ABŞ ehtimal edilən hücumlara cavab vermək məqsədi ilə körfəzə gəmi və təyyarələr göndərir, İrana hücum etmək üçün deyil.

 

Çarles Summers bombardımançı təyyarələrinin nə vaxt və harda yerləşdiriləcəyi mövzusunda xırdalıqları açıqlamasa da, onların Amerika Mərkəzi Komandanlığının (Sentkom-red.) nəzarət etdiyi bölgələrdən birinə göndəriləcəyini deyib.

 

Xatırladaq ki, Sentkomun fəaliyət dairəsi Yaxın Şərq, eləcə də Misir və Mərkəzi Asiyanı əhatə edir. 2001-ci ildən bu tərəfə Əfqanıstan, İraq və Suriyada gedən müharibələr Mərkəzi Komandanlığının bu 3 ölkədə daha geniş fəaliyyət göstərməsinə səbəb olub.

 

Çarles Summers bu bombardımançıların modelini deməsə də, Mərkəzi Komandanlığın sözçüsü Bil Orben onların B-52 olduğunu təsdiqləyib.

 

Orben də Abraham Lincoln gəmisi ilə birlikdə bombardımançıların regiona ezam edilməsinin səbəbinin İranın “təhlükəli davranış”ları, eləcə də ABŞ-ın milli mənafe və müttəfiqlərinə qarşı baş tutacaq mümkün hücumlara cavab vermək olduğunu deyib.

 

Qeyd etmək lazımdır ki, Amerikanın bölgəyə yeni qüvvələr göndərəcəyi ilə bağlı məlumat ilk dəfə mayın 5-də Con Bolton tərəfindən dilə gətirilmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN