Amerika körfəzə daha çox qüvvə cəmləşdirir

Amerika körfəzə daha çox qüvvə cəmləşdirir

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi- Pentaqonun rəsmiləri bu ölkənin körfəzə daha çox qüvvə cəmləşdirəcəyini bəyan ediblər.

 

Açıqlamada bildirilir ki, Pentaqon rəsmiləri İranın Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı həyata keçirdiyi hücuma adekvat cavab verilməsi yollarını müzakirə etmək üçün prezident Donald Trampla görüşlər keçiriblər.

 

Nəticədə körfəzə daha çox hərbçi, hava hücumundan müdafiə sistemləri, qırıcı təyyarələr, izləmə və kəşfiyyat sistemləri və digər bu kimi hərbi ləvazimatlar göndərilməsi qərara alınıb.

 

Məlumatlara görə, artıq hücumlardan sonra Amerika və müttəfiqləri regionda hər növ təhdidi anında məhv etmək üçün hava hücumundan müdafiə sistemlərini gücləndiriblər.

 

Amerika Müdafiə Nazirinin müavini Canatan Hafman ötən gün bu hücumlara görə İranı məsul bilməklə, təmsil etdiyi qurumun rəsmi Tehrana lazımi cavab vermək üçün bütün mümkün variantları Trampa təqdim etdiyini deyib.

 

O əlavə edib ki, hazırda Vaşinqton Səudiyyə Ərəbistanının apardığı araşdırmaların nəticələrini gözləyir.

 

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan "Aramco"nun iki əsas neft təsisatına qarşı dron hücumları olub. Nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssisəsi olan Abqaiq və Xurais neft təsisatlarında güclü yanğın baş verib. Neft istehsalının həcmi isə kəskin dərəcədə aşağı düşüb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN