Amerika ordusunun admiralı: “Sepah”, Əl-Füceyrə limanında 4 neft tankerinə qarşı hücumların birbaşa səbəbkarıdır”

Amerika ordusunun admiralı: “Sepah”, Əl-Füceyrə limanında 4 neft tankerinə qarşı hücumların birbaşa səbəbkarıdır”

GünazTV: Amerika ordusu mayın 24-də bəyanat yayaraq, iki həftə əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Əl-Fuceyrə limanı yaxınlığında 4 neft tankerinə qarşı həyata keçirilən bombalı hücumların arxasında “Sepah”ın əli olduğunu bildirib.

 

Amerika ordusunun yüksək rütbəli rəsmisi admiral Maykl Gildey (Michael Gilday) mayın 24-də jurnalistlərə açıqlamasında deyib ki, Əl-Fuceyrə limanında 4 neft tankerinə qarşı hücuma, eləcə də, Bağdadın “Yaşıl zona”sında yerləşən Amerika səfirliyinə yaxın ərazilərin raket atəşinə tutulmasına görə, “Sepah” məsuliyyət daşımalıdır: “Artıq yüksək əminliklə deyə bilərik ki, “Sepah”, Əl-Füceyrə limanında 4 neft tankerinə qarşı hücumların birbaşa səbəbkarıdır və buna görə də məsuliyyət daşımalıdır.

 

Həmçinin Amerika Müdafiə Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində neft tankerlərinə qarşı hücumlarda istifadə edilən yapışqan dəniz minalarının qalıqları aşkarlanıb. Nümunələr isə, minaların “Sepah”a məxsus olduğunu göstərir. Bundan başqa, çox ehtimal ki, Bağdadın “Yaşıl zona”sına qarşı raket hücumu da İran tərəfindən təmsilçi müharibə aparan qüvvələr tərəfindən həyata keçirilib”  –deyə admiral Maykl Gildey əlavə edib.

 

 

Xatırladaq ki, mayın 12-də Hörmüz boğazının 70 mil məsafəsində yerləşən Əl-Füceyrə limanı yaxınlığında lövbər salan Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına və Norveçə məxsus dörd gəmidə güclü partlayış baş verib və yanğın nəticəsində həmin gəmilərə çoxlu ziyan dəyib. Neft daşıyan tankerlərə bombalı hücumlarda İranın və ya onun dəstlədiyi muzdlu silahlı qruplaşmaların əli olduğu təxmin edilir.

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN