Amerikadan İranın 4-cü addımına reaksiya: “Yanlış yolda böyük addım”

Amerikadan İranın 4-cü addımına reaksiya: “Yanlış yolda böyük addım”

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti İranın öz nüvə öhdəliklərini azaltmaq istiqamətində bu gün atması planlaşdırılan 4-cü addımı “yanlış yolda böyük addım” kimi dəyərləndirib.

 

Departamentin məsələ ilə bağlı yaydığı bəyanatda bildirilir ki, İranın uranı zənginləşdirmək üçün heç bir əsaslı səbəbi yoxdur. Rəsmi Tehran bundan təzyiq vasitəsi kimi istifadə edir, lakin bu İranın özünün siyasi və iqtisadi baxımdan daha çox təcrid olmasına zəmin yaradacaq.

 

Bəyanatda bu addıma cavab olaraq maksimum təzyiq siyasətinin daha da güclü formada davam edəcəyi vurğulanır. Departament həmçinin qeyd edir ki, ABŞ İranın nüvə fəaliyyətləri ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hazırladığı bütün hesabatları və onlarda qeyd edilən yenilikləri incələyir.

 

Digər tərəfdən ABŞ Nümayəndələr Palatasının respublikaçı senatorları Ted Kruz, Lindsey Qraham və Liz Çeney birgə bəyanat yayaraq, Donald Tramp hökumətini İranın sivil nüvə fəaliyyətlərinə qarşı tətbiq edilmiş güzəştləri ləğv etməyə çağırıblar.

 

Onların sözlərinə görə, Barak Obama administrasiyası tərəfindən verilmiş və Donald Tramp hökuməti tərəfindən müddəti uzadılmış həmin güzəştlər İrana müvafiq nüvə təsisatlarında qeyri-qanuni fəaliyyətlərə yenidən başlamazdan əvvəl nüvə potensiyalını artırmağa şərait yaradır.

 

Hər 3 senator həmçinin ABŞ hökumətindən Birləşmiş Millətlər Təşkilatının yenidən İrana qarşı sanksiyalar tətbiq etməsi istiqamətində təlaş göstərməyi istəyiblər.

 

Digər senator Berni Senders isə İranın Fordo nüvə təsisatında sentrifuqalara qaz təzyiq olunmasını narahat edici addım adlandıraraq, Tramp administrasiyasını İranla yenidən müzakirələrə başlamağa çağırıb.

 

Qeyd etmək lazımdır ki, ötən gün İran prezidenti Həsən Ruhani ölkəsinin noyabrın 6-da öz nüvə öhdəliklərini azaltmaq istiqamətində 4-cü addımı atacağını rəsmən bəyan edib. Onun bu çıxışından sonra Hərtərəfli Birgə Fəaliyyət Proqramını imzalayan Britaniya, Fransa və Almaniya kimi ölkələr, eləcə də Rusiya məsələ ilə bağlı narahatlıqlarını ifadə edərək, rəsmi Tehrandan öz nüvə öhdəliklərinə əməl etməsini istəmişdilər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN