Amerikalı general: “Ər-Riyada atılan ballistik raket İrana məxsus olub”

Amerikalı general: “Ər-Riyada atılan ballistik raket İrana məxsus olub”

GunAzTV: ABŞ-ın Qətərdəki Hərbi Hava Qüvvələrinin Mərkəzi Komandanlıq Qərargahının yüksək rütbəli rəsmilərindən olan general Cefri Harrigian (Jeffrey Harrigian) noyabrın 10-da Dubayda jurnalistlərə açıqlamasında İran tərəfdarı şiə-husilərin bir həftə əvvəl Ər-Riyada atdığı raketdən danışıb.

 

Harrigian bildirib ki, husi üsyançılarının Səudiyyə Ərəbistanı paytaxtına atdığı ballistik raket İranda istehsal edilib: “Ər-Riyada atılan ballistik raket İrana məxsus olub və raketin hissəcikləri üzərindəki nişanələr də bunu göstərir və sübut edir. Hazırda hərbi ekspertlər, Yəmənin hava məkanı, limanları və sərhədlərinin Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası qüvvələrinin nəzarətində olmasına baxmayaraq bu raketin İrandan husilərə necə və hansı yollarla çatdırılması məsələsini müəyyənləşdirməyə çalışırlar”.

 

Xatırladaq ki, İranın dəstəklədiyi şiə-husilərin noyabrın 4-də Ər-Riyadın beynəlxalq hava limanına atdığı ballistik raket, yerə düşməzdən əvvəl Səudiyyə Ərəbistanının hava qüvvələri tərəfindən səmada məhv edilib.

 

Hadisədən az sonra Səudiyyə Ərəbistanının bir sıra yüksək rütbəli rəsmiləri, o cümlədən də xarici işlər naziri Adil əl Cübeyr, vəliəhd və müdafiə naziri Məhəmməd Bin Salman və Ər-Riyadın başçılıq etdiyi ərəb koalisiyasının sözçüsü Torki əl Maliki İrana qarşı ayrı-ayrılıqda bəyanatlar səsləndiriblər. Onlar, İranı Yəməndəki şiə-husiləri ballistik raketlərlə silahlandırmaqda, Səudiyyə Krallığına qarşı hərbi təcavüzdə və bununla da Səudiyyə Ərəbistanına qarşı savaş elan etməkdə günahlandırıblar.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN