Amerikalı rəsmi Avropanın İranla ticari əlaqələr üçün yaratdığı maliyyə kanalını “kağız bəbir” adlandırıb

Amerikalı rəsmi Avropanın İranla ticari əlaqələr üçün yaratdığı maliyyə kanalını “kağız bəbir” adlandırıb

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Avropa İttifaqındakı nümayəndəsi Qordon Sandland rəsmi Vaşinqtonla Avropa ölkələri arasında nüvə razılaşması ətrafında yaranmış fikir ayrılığının sona çatdığını bildirib və qurum ilə İran arasında ticari əlaqələrin davam etdirilməsi üçün işə salınmış maliyyə kanalını kağız bəbir adlandırıb.

 

O, son aylar ərzində ölkəsi ilə Aİ arasında aparılmış müzakirələri konstruktiv adlandırıb və əlavə edib ki, fikir mübadilələri aparılan zaman əsas irəli sürülən sual “dəqiq olaraq İrandan nə istəmək lazımdır” olub.

 

Xatırladaq ki, Amerika Birləşmiş Ştatları yenidən nüvə razılaşmasına qayıtmaq üçün İrana qarşı bir neçə şərt irəli sürüb. Onlardan bəziləri region ölkələrində gedən vətəndaş münaqişələrinə müdaxilə etməmək, Livan Hizbullahı, Fələstinin Həmas təşkilatı və terrorizmə göstərdiyi dəstəyi kəsmək, raket proqramını dayandırmaq kimi müddəaları əhatə edir.

 

Baxmayaraq ki Avropa İttifaqı İranla imzalanmış nüvə razılaşmasının qorunub saxlanılmasının tərəfdarıdır, lakin dəfələrlə bu ölkənin raket proqramı və regionda yürütdüyü dağıdıcı siyasətə görə narahatlıq ifadə edib. Hətta mart ayının ortalarında Fransa xarici işlər nazirliyi Avropa İttifaqından bu cür fəaliyyətlərə görə İrana qarşı sanksiyaların tətbiq edilməsini istəmişdi.

 

Aprelin 2-də Fransa, Britaniya və Almaniya rəsmi Tehranı öz raket proqramını inkişaf etdirməklə Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini pozmaqda ittiham etmiş və Birləşmiş Millətlər Təşkilatından məsələ ilə bağlı hərtərəfli hesabat hazırlamağı tələb etmişdilər.

 

Qordon Sandland Aİ ilə rəsmi Tehran arasında ticari əlaqələri davam etdirmək üçün işə salınmış SPV adlı maliyyə kanalı barədə də fikirlərini bölüşüb. O, bu kanalın heç bir əhəmiyyəti olmadığını, yalnız avropalılar tərəfindən İran rəsmilərinin könlünü almaq üçün təşkil edildiyini vurğulayıb:

 

“Avropa İttifaqı İrana biz sizinlə bank əməliyyatlarını davam etdirmək üçün əlimizdən gələni etdik mesajını vermək üçün bu kanalı işə salıb. Hər bir qurum istəyinə uyğun olaraq, ya Amerika, ya da İranla ticari əlaqələri davam etdirə bilər. Lakin hər ikisi ilə deyil. Yalnız birini seçməlidir”- deyə amerikalı diplomat əlavə edib.

 

Qordonun sözlərinə görə, müzakirələr apardığı bütün böyük və kiçik şirkətlərin hər biri Amerika ilə ticari əlaqələri davam etdirmək niyyətində olduğu üçün SPV yalnız kağız bəbir funksiyasını daşıyır.

 

Qeyd etmək lazımdır ki, Çindən qaynaqlanan kağız bəbir termini üzdə təhlükəli və təhdid edici görsənən, lakin əməldə təsirsiz və əhəmiyyəzsiz şeylər üçün işlədilir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN