Amerikanın İrana qarşı yeni kiber hücum həyata keçirdiyi barədə məlumatlar yayılıb

Amerikanın İrana qarşı yeni kiber hücum həyata keçirdiyi barədə məlumatlar yayılıb

GünAz TV: Səudiyyə Ərəbistanın neft təsisatlarına təşkil edilən hücumdan sonra Amerika Birləşmiş Ştatlarının sentyabr ayında İrana qarşı yeni kiber hücum həyata keçirdiyi barədə məlumatlar yayılıb.

 

“Reuters” agentliyinin adlarının açıqlanmasını istəməyən 2 amerikalı rəsmiyə istinadən yaydığı xəbərə əsasən, İranın propaqanda gücünü zəiflətməyə istiqamətlənmiş hücum nəticəsində rəsmi Tehranın bu istiqamətdə istifadə etdiyi maddi-texniki bazaya ciddi ziyan dəyib. Lakin rəsmilər ziyanın nədən ibarət olduğu və hücumun hansı mərkəzlərə qarşı baş tutduğu barədə ətraflı danışmayıblar.

 

Xatırladaq ki, Ərəbistanın neft təsisatlarına qarşı hücumdan sonra Amerikanın Müdafiə Nazirliyi- Pentaqon prezident Donald Trampa İrana qarşı cavab tədbiri olaraq kiber hücumun da daxil edildiyi tədbirlər planı təqdim etdiyi barədə məlumat yaymışdı.

 

Hücumun məsuliyyətini husilər öz üzərilərinə götürsələr də, ABŞ və Ərəbistan hücumun miqyasını və dəqiqliyini nəzərə alaraq, bunun birbaşa İrandan həyata keçirildiyini bəyan edirdilər.

 

Qeyd etmək lazımdır ki, sentyabrın 21-də İranın mühüm neft mərkəzlərinə kiber hücum edilməsiylə bağlı Qərb media orqanlarında xəbərlər dərc edilsə də, rəsmi Tehran bunu təkzib etmişdi. İran Prezidenti yanında Strateji İdarəetmə Mərkəzi, eləcə də Neft Nazirliyinin sözçüsü ölkənin neft təsisatları və digər həyati infrastrukturlarına qarşı həyata keçirilmiş kiber hücumla bağlı məlumatların “əsassız” olduğunu, hazırda qara qızılın adəti üzrə istehsal edildiyini bəyan etmişdilər.

 

Sentyabrın 20-də isə informasiya texnologiyaları təhlükəsizliyi sahəsində fəaliyyət göstərən “NetBlocks” İranın Neft Nazirliyinin kompüterlərinə və onlayn idarəetmə sistemlərinə qarşı məhdud hücumun həyata keçirildiyini və nəticədə ölkənin qara qızıl istehsalında böyük problemlər və fasilələr yarandığını bəyan etmişdi.

 

“Reuters”in bu gün yaydığı xəbər amerikalı rəsmilər tərəfindən ötən ay media qurumlarında çıxmış iddiaların təsdiqi hesab edilə bilər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN