“Amnesty İnternational”: “İrandakı etirazlarda ən azı 106 nəfər rejim qüvvələri tərəfindən öldürülüb”

“Amnesty İnternational”: “İrandakı etirazlarda ən azı 106 nəfər rejim qüvvələri tərəfindən öldürülüb”

GünazTV: “Amnesty İnternational” beynəlxalq təşkilatı noyabrın 19-da bəyanat yayaraq, son beş gündə İranda baş verən dinc etirazlarda rejim qüvvələrinin birbaşa atəşi nəticəsdində qətlə yetirilənlərin sayını açıqlayıb.

 

Bəyanatda bildirilir ki, “Amnesty İnternational”ın İrandakı hüquq müdafiəçilərindən aldığı məlumatlara görə, eləcə də sosial şəbəkələrdə yayılan videoların dəqiq araşdırılmasından sonra bəlli olub ki, son günlər İranda baş verən dinc etirazlarda hökumət qüvvələri tərəfindən qətlə yetirilənlərin sayı ən azı 106 nəfərdir: “Etirazlarda ən çox itki verənlər Xuzistan və Kirmanşah əyalətləridir. Belə ki, Xuzistanda 32, Kirmanşahda isə 30 etirazçı rejim qüvvələrinin birbaşa atəşi nəticəsində aldığı güllə yarasından həlak olub.

 

Buna baxmayaraq, hesab edirik ki, etirazlarda öldürülənlərin sayı 106 nəfərdən çoxdur. Bəzi qeyri-rəsmi mənbələrin hesablamalarına görə, hökumət qüvvələrinin qətlə yetirdiyi etirazçıların sayı 200 nəfərdir” –deyə “Amnesty İnternational”ın yaydığı bəyanatında qeyd olunur.

 

İranın Kürdüstan əyalətinin hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, son günlər ölkədə baş verən dinc etirazlarda təkcə Kürdüstan şəhərlərində 45 nəfər rejimin polis və təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib.

 

Bildirilir ki, qətlə yetirilənlərin çoxu başından güllə yarası alıb. Qeyd edilir ki, rejim etirazlarda öldürdüyü aksiyaçıların cəsədlərini ailələrinə təhvil verməkdən imtina edir, özü gizli şəkildə onları naməlum qəbirlərdə dəfn edir, ölənlərin ailə üzvlərini təhdid edir.

 

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı kütləvi etirazlar qismən səngisə də, ara-sıra müxtəlif şəhərlərdə davam edir. Ölkənin 137 şəhərində keçirilən dinc etirazlarda 106-dan çox dinc etirazçı rejim qüvvələrinin atəşi nəticəsində qətlə yetirilib, yüzlərlə aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 1500-dən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, etirazlar davam edir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN