Aviqdor Liberman: “Biz Tehran-Dəməşq şiə koridorunun formalaşmasının qarşısını almaq üçün istənilən addımı atacağıq”

Aviqdor Liberman: “Biz Tehran-Dəməşq şiə koridorunun formalaşmasının qarşısını almaq üçün istənilən addımı atacağıq”

GünAzTV: İsrailin müdafiə naziri Aviqdor Liberman sentyabrın 8-də jurnalistlərə açıqlamasında İranın Suriya ilə apardığı hərbi əməkdaşlığından və Tehran-Dəməşq şiə koridorunun təhdidindən danışıb.

 

Libermanın bu açıqlaması, İsrail qırıcılarının Suriya ordusunun bir hərbi sənaye mərkəzini bombalamasından bir neçə saat sonraya təsadüf edib. Suriyanın Hemah əyalətinin Məsiyyaf şəhərində yerləşən Suriya ordusuna məxsus hərbi sənaye mərkəzi sentyabrın 7-si sübh saatlarında İsrailin hava hücumu nəticəsində məhv edilib. Bildirilir ki, “SERS” ixtisar adı ilə fəaliyyət göstərən həmin mərkəzdə raketlər, kimyəvi silahlar və digər hərbi avadanlıqlar istehsal edilirmiş.

 

Aviqdor Liberman bildirib ki, onun ölkəsi Orta Şərqdə həyata keçirilə biləcək hər hansı bir ssenari ilə üzləşməyə hazırdır: “İsrail Suriyada hər hansı bir hərbi macəraçılıq etmək niyyətində deyil. Lakin biz düşmənlərimizin bizi təhdid etməsinə və ya bizə ziyan vurmasına imkan verməməkdə qərarlıyıq. Biz, Tehran-Dəməşq şiə koridorunun formalaşmasının qarşısını almaq və əhalimizi hər hansı bir təhlükədən qorumaq üçün əlimizdən gələni əsirgəməyəcək, istənilən addımı atacağıq”.

 

Qeyd edək ki, son aylar İsrailin bir sıra rəsmiləri İranın Suriyada hərbi fəaliyyətini  gücləndirməsindən, “Sepah”ın İsrail sərhədlərinə yaxınlaşaraq terrorçu qruplaşmalara dəstəyini gücləndirə biləcəyindən nigaran qaldıqlarını bildiriblər. 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN