Aviqdor Liberman: “İran Tel-Əvivə hücum etsə, biz də Tehranı hədəfə alacağıq”

Aviqdor Liberman: “İran Tel-Əvivə hücum etsə, biz də Tehranı hədəfə alacağıq”

GünAzTV: İsrailin müdafiə naziri Aviqdor Liberman, aprelin 26-da Səudiyyə Ərəbistanının Londanda fəaliyyət göstərən “Elaf” (Elaph) saytına müsahibəsində İran rəsmilərinin ölkəsinə qarşı təhdid dolu bəyanatlarından və Tehranın Suriyadakı hərbi fəaliyyətindən danışıb.

 

Liberman bildirib ki, İsrail İranın istənilən təhdidinə cavab verməyə tam hazırdır: “İsrail, artıq son günlərini yaşayan İran rejiminin Suriyadakı Colan yüksəkliklərinin yaxınlığında hərbi varlıq və mövqeyini gücləndirməsinin qarşısında dayanacaq, ölkəmizə qarşı yönələn hər bir təhdidə kəskin cavab verəcək.

 

Bildirirəm ki, əgər İran Tel-Əvivə hücum etsə, İsrail də Tehranı hədəfə alacaq. Əgər İsrailin dincliyi pozularsa, Tehran da sülh və dincliyin üzünü görməyəcək. Tövsiyəm budur ki, heç kəs, o cümlədən də İran, bizim iradəmizi sınağa çəkməsin. Çünki biz hər bir olayla qarşılaşmağa hazırıq. Bir daha bildirirəm ki, İsrail öz təhlükəsizliyini və milli maraqlarını qorumaq üçün əlindən gələni etməyə hazırdır”.

 

Xatırladaq ki, aprelin 9-u sübh saatlarında İsrailin Suriyanın Homs əyaltindəki “T-4” hərbi hava bazasına raket hücumunda, 7-si “Sepah” muzdlusu olmaqla ən azı 14 nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Bunun ardınca, son günlər İranın müxtəlif rəsmiləri, o cümlədən də dini liderin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani və başqaları, İsrailə qarşı təhdid dolu bəyanatlar səsləndirərək, Tel-Əvivin bu addımının cavabsız qalmayacağını bildiriblər.

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN