Avropa ölkələri: “İran nüvə sazişi ilə bağlı üzərinə götürdüyü bütün öhdəliklərə əməl etməlidir”

Avropa ölkələri: “İran nüvə sazişi ilə bağlı üzərinə götürdüyü bütün öhdəliklərə əməl etməlidir”

GünazTV: İranla nüvə sazişi imzalamış üç Avropa ölkəsi, Fransa, Böyük Britaniya, Almaniya Avropa İttiaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini ilə birlikdə sentyabrın 13-də Tehranın sazişlə bağlı öhdəlikləri barədə birgə bəyanatla çıxış ediblər.

 

Bəyanatda bildirilir ki, İranın nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri azaltmaq üçün atdığı son addımları Avropa ölkələrinin ciddi narahatlığına səbəb olub: “Beynəlxalq Atom Enerjisi Agentliyi İranın Nətənz təsisatında daha inkişaf etdirilmiş yeni sentrifuqaların quraşdırılması ilə bağlı yayılan məlumatları təsdiqləyib. Bu isə dünya ictimaiyyəti ilə yanaşı bizi də nigaran edir.

 

İran, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAGATE) ilə əməkdaşlığını davam etdirməli, nüvə razılaşmasının qorunub saxlanılması üçün sazişlə bağlı üzərinə götürdüyü bütün öhdəliklərə əməl etməli, ona sadiq qalmalıdır. Biz, həmçinin İranın sazişlə bağlı üzərinə götürdüyü öhdəlikləri azaltmaq istiqamətində son addımlarını nəzərə alaraq, hesab edirik ki,  yaranmış mövcud gərginliyi azaltmaq və yenidən danışıqlara başlamaq üçün diplomatik səylərin gücləndirilməsinə ehtiyac var” –deyə nüvə sazişini imzalamış Avropa ölkələrinin yaydığı birgə bəyanatında bildirilir.

 

 

Qeyd edək ki, rəsmi Tehran son aylar Avropa ölkələrini nüvə sazişi ilə əlaqədar üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalmamaqda və İrana verdikləri iqtisadi vədlərə əməl etməməkdə günahlandıraraq, sazişlə bağlı üzərinə götürdüyü öhdəlikləri mərhələli şəkildə azaltmağa başlayıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN