Avropa Parlamentinin 150 deputatı birgə bəyanat yayıb: “İrandakı prezident seçkiləri saxtadır”

Avropa Parlamentinin 150 deputatı birgə bəyanat yayıb: “İrandakı prezident seçkiləri saxtadır”

GünAzTV: Avropa Birliyi Parlamentinin 150-dən çox deputatı mayın 18-də birgə bəyanat yayaraq İranda keçirilən prezident seçkilərinin qeyri-demokratik, ədalətsiz və saxta olduğunu bildirib.

 

Avropa Parlamentinin yaydığı bəyanatda İranın indiki ağır siyasi durumuna toxunularaq bildirilir ki, İranda müxalifətin sərbəst fəaliyyətinə qadağa qoyulub, müstəqil qüvvələrin bu seçkilərə qatılmasının qarşısı alınıb: “İrandakı seçkilər azad və ədalətli deyil. Bu seçkilər, qeyri-demokratik və saxtadır. Çünki, ölkədə müxalifətin fəaliyyətinə tamamilə qadağa qoyulub.  Prezidentliyə namizədlər isə əvvəlcədən “Vəliyyi-fəqihə”, yəni ölkənin dini liderinə ürəkdən inandıqlarını elan etməlidirlər. Həmçinin bir çox namizədin ölkə prezidentliyinə səlahiyyətini rədd edən Konstitusiyaya Nəzarət Şurasının üzvləri də birbaşa İranın dini lideri Əli Xamneyi tərəfindən təyin edilən şəxslərdir”.

 

Bəyanatda həmçinin İranın idiki prezidenti Həsən Ruhaninin insan hüquqları ilə bağlı siyasəti  tənqid edilir, onun prezidentliyi dövründə ölkədə edamların sayının kəskin artması pislənilir: “Yalnız Həsən Ruhaninin prezidentliyi dövründəki son dörd ildə, İranda 3 min nəfərdən çox insan edam edilib. Baxmayaraq ki, Ruhaninin mötədil bir siyasətçi olduğunu deyirlər, lakin o,  dövlət televiziyasındakı çıxışlarının birində edam cəzasını dəstəkləyərək onu “Allahın qanunu” adlanırıb.

 

Bundan başqa, 1988-ci ildə İranda siyasi məhbusların kütləvi edamı və qətliamı həyata keçirilib. Edamlar, o vaxt yaradılmış “Ölüm heyəti” tərəfindən həyata keçirilib. Maraqlıdır ki, siyasi məhbusların ölümünə hökm verən həmin “Ölüm heyəti”nin başçısı, hazırda prezidentliyə namizəd İbrahim Rəisi, onun digər bir üzvü isə İranın indiki ədliyyə naziri Mustafa Purməhəmmədi olub”.

 

Bu gün (mayın 19-da) İranda 12-ci prezident seçkiləri keçirilir. Seçkilərdə dörd namizəd, Həsən Ruhani, İbrahim Rəisi, Mustafa Mirsəlim və Mustafa Haşimi Təba bir-biri ilə rəqabət aparır. Əsas rəqabət isə, İslahat tərəfdarlarının dəstəklədiyi Həsən Ruhani və dini lider Əli Xamneyinin yaxın adamı kimi tanınan İbrahim Rəisi arasında aparılır.

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN