Avropalı deputatlar: “Ruhanini islahatçı və mötədil bir şəxs kimi tanımaq mümkün deyil”

Avropalı deputatlar: “Ruhanini islahatçı və mötədil bir şəxs kimi tanımaq mümkün deyil”

 GünAzTV: Avropa Birliyi parlamentinin 265 deputatı iyunun 26-da birgə bəyanat yayaraq İranda insan hüquqlarının kobud şəkildə pozulmasını kəskin pisləyib.

 

 

Avropa Parlamentinin deputatı, “Azad İran dostları” qrupunun rəhbəri Gerard Deprez tərəfindən hazırlanan bəyanatda İranda edamların sayının gündən-günə artmasının ciddi nigaranlığa səbəb olduğu bildirilir. Qeyd olunur ki, Həsən Ruhaninin prezidentliyinin birinci dörd illiyində ölkədə ən azı 3 min nəfərin edam edilib və məhz buna görə də, İran prezidentini islahatçı və orta xətt tərəfdarı olan bir şəxs kimi tanımaq mümkün deyil. Bəyanatda həmçinin İranda keçirilən son prezident seçkilərinin qeyri-azad və ədalətsiz olduğu vurğulanaraq müxalifətin həmin seçkilərə qatıla bilməməməsi məsələsinə toxunulur.

 

265 deputatın birgə bəyanatında, 1988-ci ildə İranda 30 mindən çox siyasi məhbusun gizli şəkildə qətliamını təşkil edən “Ölüm heyəti”i və həmin heyətin əsas üzvlərindən olan İranın indiki ədliyyə naziri Mustafa Purməhəmmədinin Ruhani hökumətində vəzifəyə gətirilməsi kəskin tənqid edilir. Bildirilir ki, İnsan Hüquqları üzrə Ali Komissiya və İnsan Hüquqlarının Ali Şurası həmin edamları araşdırmalı, Avropa ölkələri İranda edamlar tamamilə dayandırılmayana qədər rəsmi Tehranla əlaqələrinə yenidən baxmalı, qarşılıqlı münasibətlərin davam etdirilməsi üçün rəsmi Tehran qarşısında şərtlər qoymalıdır.

 

 

Bəyanatda həmçinin İranda hakim rejimin ölkə qadınlarına qarşı yürütdüyü təzyiq və ayrı-seçkilik siyasətinə və məcburi hicab məsələsinə toxunularaq qadın hüquq müdafiəçilərinin müxtəlif bəhanələrlə uzunmüddətli həbslərə salınması pislənilir.

 

Avropalı deputatların yaydığı bəyanatda həmçinin İranın bölgədə apardığı təxribatçı siyasətindən və onun beynəlxalq terrorizmə dəstəyindən nigaranlıq hissi bildirərək, Sepah”ın Suriya və İraq olaylarındakı roluna toxunularaq bu qurumun beynəlxalq səviyyədə bir terrorçu təşkilat kimi tanınonunması və onun adının qara siyahıya salınması tələb edilir”.

 

Qeyd edək ki, 1988-ci ildə (1367-ci il) İran-İraq arasındakı 8 illik müharibəyə son qoyulması məqsədilə BMT-nin 598 saylı qətnaməsini qəbul etmək məcburiyyətində qalan və savaşdan məğlub çıxan İranın molla rejimi, ölkə zindanlarında saxlanılan siyasi məhbuslara qarşı ağlasığmaz cinayət planını həyata keçirib. Belə ki, o vaxtkı dini lider ayətullah Ruhullah Xomeyninin birbaşa əmri və göstərişi ilə o dövrdə vəzifə tutan 4 nəfərin (şəriət hakimi Hüseynəli Nəyyiri, ölkə prokuroru Murtuza İşraqi, prokuror müavini İbrahim Rəisi və ETTELAAT-ın Evin zindanındakı nümayəndəsi Mustafa Purməhəmmədi) iştirakı ilə “Ölüm heyəti” yaradılıb və həmin heyətə ölkə zindanlarında saxlanılan,  siyasi əqidə və görüşünə sadiq qaldığını bildirən, hətta məhkəmə tərəfindən həbs cəzası alan və həbsini çəkməkdə olan, eləcə də tövbə etməkdən imtina edən siyasi məhbusların işinə yenidən baxmaq səlahiyyəti verilib.

 

Bunun ardınca həbsxanaların qapıları 2-3 ay müddətinə məhbus ailələrinin üzünə bağlanılıb və həmin müddətdə bütün siyasi məhbuslar (xalq mücahidləri və kommunistlər) “Ölüm heyəti” tərəfindən yenidən dindirilib. 2-3 dəqiqə çəkən hər bir dindirilmədə məhbuslar arasında kimlərin əvvəlki əqidəsinə sadiq qalıb-qalmaması müəyyən edilib. Nəticədə tövbə etməyən 30 mindən çox günahsız məhbus, qısa bir zaman kəsiyində güllələnmə və ya dar ağacından asılma üsulu ilə edam edilib. Edam edilənlərin cəsədləri isə gecələr yük maşınları vasitəsilə şəhərlərin ətrafında qazılmış kütləvi qəbirlərə daşınaraq gizli şəkildə dəfn edilib.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN