Avropanın üç aviasiya şirkəti İrana uçuşları dayandıracaqlarını bildiriblər

Avropanın üç aviasiya şirkəti İrana uçuşları dayandıracaqlarını bildiriblər

GünAzTV: Avropanın üç nəhəng aviasiya şirkəti, “British Airways”, “Air France” və “KLM” şirkətləri İrana uçuşları dayandıracaqlarını bildiriblər.

 

Böyük Britaniyanın “British Airways” şirkəti avqustun 23-də bəyanat yayaraq bildirib ki, İrana reyslərin sərfəli olmadığını nəzərə alaraq, oktyabr ayının əvvəllərindən başlayaraq London-Tehran uçuşlarını dayandırmaq qərarına gəlib.

 

Bəyanatda İrana uçuşların dayandırılmasının digər səbəbləri açıqlanmasa da, güman edilir ki, İranda milli valyutanın dollar qarşısında dəyərinin kəskin düşməsi, London-Tehran arasında uçan sərnişinlərin sayının azalması və Amerikanın Tehrana qarşı tətbiqinə başladığı sanksiyalar, İrana uçuşların dayandırmasının digər mühüm səbəbləri sayılır.

 

Fransanın “Air France” şirkəti də həmin gün yaydığı bəyanatda bu ilin oktyabr ayından İrana uçuşları dayandıracağını bildirib. Şirkət, bu qərarını İrana uçuşların sərfəli olmadığı və bir sıra iqtisadi problemlərin mövcud olması ilə əlaqələndirib.

 

Avqustun 23-də həmçinin Hollandiyanın “KLM” aviasiya şirkəti İrana uçuşları dayandıracağı ilə bağlı ay yarım əvvəl, yəni iyulun 7-də rəsmi saytında yaydığı bəyanatı təkrar edib. Şirkət bildirib ki, İrana uçuşlar iqtisadi baxımdan sərfəli olmadığına görə, “KLM” şirkəti sentyabrın sonlarından başlayaraq Tehrana bütün uçuşları dayandıracaq. Şirkət bildirib ki, Tehrana son uçuş sentyabrın 22-də olacaq.

 

 

Xatırladaq ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı sərəncama əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb. Sanksiyaların birinci mərhələsində, İranın qızıl və digər qiymətli metallarının satışına, avtomobil sənayesinə, gəmiçilik sığortasına, xarici banklardan İrana valyuta köçürmələrinə, İran xalçası ilə qida məhsullarının ixracına və s. qadağa qoyulub.

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN