Axund Ejei, küçələrdə baş örtüyünü açan qadınları narkotik maddə qəbul etməkdə günahlandırıb

Axund Ejei, küçələrdə baş örtüyünü açan qadınları narkotik maddə qəbul etməkdə günahlandırıb

GünAzTV: İran Məhkəmə Sisteminin sözçüsü, axund Qulamhüseyn Möhsüni Ejei, fevralın 4-də jurnalistlərə açıqlamasında, son həftələrdə Tehranda və ölkənin digər şəhərlərində rejimin məcburi hicab siyasətinə qarşı etiraz əlaməti olaraq küçələrdə baş örtüyünü açan qadınlardan danışıb.

 

Öz açıqlamasında, hicaba və çarşaba etiraz edən qadınlara ağır cəza veriləcəyini bildirən axund Ejei, küçə və meydanlarda baş örtüyünü  açan qadınları narkotik maddə qəbul etməkdə günahlandırıb: “Baş örtüyünü açdığına görə tutulan qadınların bəziləri etdiyi əmələ görə peşman olduqlarını, bəziləri də bunu bilməməzlik ucbatından etdiklərini bildiriblər. Tutulan qadınların bir qismi də əvvəlki niyyətlə, təşkilatlanmış şəkildə bunu ediblər. Həmçinin, həbs edilən qadınlardan bəziləri də laboratoriya şəraitində istehsal edilmiş narkotik maddə qəbul etdikdən sonra baş örtüklərini açıblar.

 

Mütəşəkkil və təşkilatlanmış şəkildə bu cinayəti törədən qadınlar bilməlidir ki, onlara iş açılaraq ağır cəza veriləcək. Belə ki, onların həm özləri, həm də ailə üzvləri ciddi problemlərlə üzləşəcəklər. Yox, əgər bu əməllərin təşkilatlanmış şəkildə edilmədiyi sübuta yetirilsə, həmin qadınlar həbsdən azad olunacaqlar”.

 

 

Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına ay yarım əvvəl (deyin 6-da) start verilib. Bir uşaq anası olan Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb və vətəndaşlar tərəfindən dəstəklənib. Həmin qadın, baş örtüyünü açdığına görə iki dəfə həbs edilsə də, sonradan şərti azadlığa buraxılıb.

 

Son günlərdə,  İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçə və meydanlarda baş örüklərini açaraq hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildirirlər.

 

Qeyd edək ki, İran İslam Respublikasında ictimai yerlərdə baş örtüyünü açan qadınlara cinayət işi açılır. Belə qadınlar, həbs zamanı polis zorakılığına məruz qalır, həbsxanada müxtəlif təhqir, təzyiq və təhdidlərlə üzləşir, 10 gündən iki aya qədər həbsə və pul cəriməsinə məhkum edilirlər.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN